
BAKI, 22 fevral. TELEQRAF
İranın Yaxın Şərqdəki proksi qüvvələrinin və hava hücumundan müdafiə vasitələrinin sıradan çıxarılması İsrailin Tehranın nüvə proqramına qarşı hərəkətə keçməsinin vaxtını yaxınlaşdırıb.
Teleqraf xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin veteranı, Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) keçmiş tədqiqatçısı Kolin Uinston “Middle East Quarterly” jurnalındakı məqaləsində qeyd edib.
Uinston yazır: “Hizbullah və HƏMAS artıq İsrail üçün təhlükə yaratmır. İran İslam Respublikasının “müqavimət oxu” məhv olmaq üzrədir. Həm İranın, həm də Suriyanın hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb, İranın raket imkanları azalıb. Buna baxmayaraq, İran bir neçə bomba hazırlamaq üçün kifayət qədər uran istehsal etmək ərəfəsindədir. İndi Qüds və Vaşinqton İranın nüvə proqramına qarşı koordinasiyalı və birgə zərbə ilə hərbi əməliyyatlar keçirməlidir".
Müəllif yazır ki, Tramp administrasiyası İranı “maksimum təzyiq” diplomatiyası ilə nüvə ambisiyalarından əl çəkməyə məcbur etmək istəyir: "Cəhdlər uğursuz olsa, hərbi variant nəzərdən keçiriləcək. Çünki İran hazırda nüvə silahı potensialını gerçəkləşdirmək üzrədir. Tehran uranın zənginləşdirilməsini 60%-ə çatdırır. Beynəlxalq Atom Enerjisi Agentliyinin hesablamalarına görə, İranda nüvə bombası istehsalı üçün uranın istehsalına aylar yox, həftələr kifayət edir".
Məqalədə o da qeyd olunur ki, 2024-cü il oktyabrın 26-da İsrail İrana qarşı genişmiqyaslı cavab tədbiri zamanı hava hücumundan müdafiə sisteminin böyük bir hissəsini məhv etdi: "İranın S-300 sistemləri zədələnmiş və ya məhv edilmiş ola bilər. Lakin Tehranın Rusiya ilə güclənən ittifaqı, çox güman ki, müəyyən mərhələdə daha təkmil S-400 sisteminin təminatına imkan verir. Mövqeləri zəifləsə də, İran İsrail üçün regionda "ən əhəmiyyətli düşmən" olaraq qalır. İrana bağlı qüvvələrin Yəmənin böyük bir hissəsinə nəzarət etməsi Ədən körfəzi- Qırmızı dəniz marşrutu üzrə hərəkət edən gəmilər üçün təhlükədir. İraqda İrana bağlı şiə milisləri müstəqil hərbi potensiallarını qoruyub saxlayırlar.
Livanda 2024-cü ilin son aylarında İsrail tərəfindən darmadağın edilməsinə baxmayaraq, Hizbullah ölkənin ən güclü hərbi qüvvəsi olaraq qalır".