
BAKI, 10 fevral. TELEQRAF
Fevralın 10-da Keniyanın gənclər çempionu, iqlim fəalı, “SMACHS” Fondunun təsisçisi və himayədarı, Keniya Prezidentinin qızı Şarlin Ruto Azərbaycanın Keniyadakı Səfirliyini ziyarət edib.
Səfirlikdən Teleqraf-a bildirilib ki, xanım Ruto əvvəlcə səfirliyin inzibati binasında yaradılmış Ümummilli lider Heydər Əliyevin xatirə otağı və dövlətçilik guşəsi ilə tanış olub. Ulu öndərin xatirəsi ehtiramla yad edilib.
Səfir Sultan Hacıyev tanışlıq zamanı qonağa Azərbaycanın dövlətçilik tarixi, müasir Azərbaycanın memarı Heydər Əliyevin həyat və fəaliyyəti, xilaskarlıq missiyası, müstəqillik dövründə ölkəmizin qazandığı nailiyyətlər barədə məlumat verib. 2020-ci ildə şanlı Zəfər nəticəsində ərazi bütövlüyünün bərpa olunması, postmünaqişə dövründə ərazilərdə yenidənqurma və humanitar minatəmizləmə üzrə aparılan genişmiqyaslı işləri qeyd edib.
O, Heydər Əliyev Fondunun humanitar fəaliyyəti, çoxsaylı beynəlxalq layihələri barədə də danışıb. Qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 2024-cü il dekabrında Nayrobi şəhərində səfərdə olarkən Fondun “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsi çərçivəsində avadanlıqlarla təchiz edilmiş Nayrobi tam orta məktəbinin laboratoriya və kompüter sinfinin açılışını edib. Bundan əlavə, Fond tərəfindən Keniyanın bir neçə xəstəxanasının yeni doğulan uşaqlar bölməsinə tibbi avadanlıqlar təqdim edilib.
Şarlin Ruto COP29-da iştirak üçün ölkəmizə səfərini ən xoş ifadələrlə xatırlayaraq bu çərçivədə Azərbaycanın müxtəlif qurum və fəalları ilə sıx əməkdaşlıqdan məmnuniyyətini ifadə edib. İki ölkənin QHT-ləri arasında əlaqələrin genişləndirilməsinin Azərbaycan və Keniya arasında dinamik inkişaf edən əməkdaşlıq əlaqələrinə töhfə olduğunu bildirib. Qeyd edib ki, cari ildə gənclər və iqlim fəaliyyəti sahəsində ölkəmizlə birgə layihələr həyata keçirmək niyyətindədir.
S.Hacıyev diqqətə çatdırıb ki, Azərbaycan 2026-cı ildə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) və Ümumdünya Ətraf Mühit Gününə (WED2026) ev sahibliyi edəcəkdir. Vurğulayıb ki, COP29 çərçivəsində QHT-lər arasında güclənən əməkdaşlığın bu tədbirlər çərçivəsində daha da möhkəmləndirilməsi üçün böyük fürsətlər mövcuddur.