
BAKI, 10 mart. TELEQRAF
Azərbaycan dövləti üçün itkin düşmüş şəxslər mövzusu xüsusi aktuallıq kəsb edir. I Qarabağ müharibəsində çox sayda vətəndaşımız itkin düşüb. Çünki müharibə dövründə dövlətin idarəçiliyində ciddi nöqsanlar var idi. O zamankı hakimiyyətin başı kreslo uğrunda mübarizəyə qarışdığından vətəndaşların taleyinə biganə yanaşılırdı. II Qarabağ müharibəsində də itkin düşmüş hərbçilər var. Amma ötən müddət ərzində Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) bu məsələdə Azərbaycana yardım göstərməyib. Əksinə, təşkilat Azərbaycana qarşı qanlı cinayətlərdə iştirak etmiş erməni separatçılarına hərtərəfli kömək edib.
Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı Müşfiq Cəfərov Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətinə münasibət bildirərkən deyib.
Deputat Azərbaycan dövlətinin itkin düşmüş vətəndaşların axtarışına həssaslıqla yanaşdığını söyləyib: “Ərazilərin 20 faizi Ermənistanın işğalı altında olduğu dövrdə imkanlar məhdud idi. Ermənistanın işğal etdiyi ərazilərdə azərbaycanlıların başına nə gəldiyini öyrənmək mümkün deyildi. Bu məsələdə Qızıl Xaçın üzərinə böyük məsuliyyət düşürdü.
Çünki beynəlxalq təşkilat qərəzsiz, neytral və müstəqil şəkildə axtarış-xilasetmə işlərini yerinə yetirməkdə məsuldur. 1990-cı illərdə qaçqınlara yardım etmək, itkin düşmüş şəxslərin axtarışı ilə bağlı Qızıl Xaç müəyyən işlər görsə də, missiyasını tam yerinə yetirə bilməyib. Əslində təşkilatda I Qarabağ müharibəsi dövründə bir çox azərbaycanlının Ermənistana aparıldığı, əsir düşərgələrində saxlanıldığı barədə məlumatlar olub”.
“Artıq Qızıl Xaçın fəaliyyətinə ehtiyac qalmayıb. Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Fakt odur ki, təşkilat I və II Qarabağ müharibəsində əsir və itkin düşənlərin taleyinin araşdırılması ilə bağlı heç bir iş görməyib. Ona görə də qurumun Azərbaycanda iki ofisinin olmasının heç bir mənası yoxdur”, - o əlavə edib.
Qeyd edək ki, Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, Birinci Qarabağ müharibəsində 3977, 44 günlük Vətən müharibəsində 6 nəfər itkin düşüb. İndiyə qədər itkinlərin axtarışında Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) iştirak və tərəflər arasında vasitəçilik edib. Rəsmi Bakı komitənin fəaliyyətindən narazıdır və onun Azərbaycandakı ofisini bağlamaq qərarına gəlib.