BAKI, 10 mart. TELEQRAF

Çapar - Milli İrsin Tədqiqi Mərkəzi İctimai Birliyinin sədri Dilqəm Əhməd Ankarada zəngəzurlu Tağı Aranın qızı Ceylan xanımı evində ziyarət edib.

Ceylan xanımın atası Tağı Aran 1905-ci ildə Zəngəzurun Gorus şəhərində Fətullah əfəndi ilə Bilqeyis xanımın ailəsində dünyaya gəlib. İlk və orta təhsilini burada alıb. 1920-ci illərdə Türkiyəyə mühacirət edib. O, Azərbaycan Cümhuriyyəti Parlamentinin Zəngəzurdan olan üzvü Məhəmmədsadıq Aranın əmisi oğludur.

Ali təhsilini Türkiyədə alan Tağı bəy Nüsrət xanımla evlənib, İlhan adlı oğlu, Ceylan adlı qızı olub. İlhan bəy hazırda ABŞ-də yaşayır.

Türkiyədə müxtəlif nazirliklərdə işləyən Tağı bəy ən son Türkiyə Xarici İşlər Nazirliyinin Ümumi Mühasibat Müdirliyində çalışıb, buradan təqaüdə çıxıb.

Tağı bəy 9 dekabr 1992-ci ildə Ankarada vəfat edib, Cəbəci Əsri məzarlığında dəfn olunub.

Söhbət əsnasında Ceylan xanım Məhəmmədsadıq Aranın mühacirətdəki son günlərindən bəhs edib, onun ölənədək Azərbaycan sevgisi ilə yaşadığını bildirib.

Görüşdə Ceylan xanıma tədqiqatçı Elməddin Behbudun hazırladığı, Dilqəm Əhmədin redaktoru olduğu "Mücahid ömrü. Məhəmmədsadıq Aran" kitabı təqdim edilib.