
BAKI, 8 mart. TELEQRAF
Azərbaycan qadını çətin, keşməkeşli inkişaf yolu keçib. Tarixə nəzər salsaq, görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak ediblər. Ölkəmizdə milli qadın siyasəti tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət statusu alıb. Həmin dövrdə ilk dəfə olaraq müsəlman Şərqində qadına seçmək və seçilmək hüququnun verilməsi tarixi nailiyyət hesab olunurdu. Bununla da nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüququ verilib.
Bu sözləri Teleqraf-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
Komitə sədri bildirib ki, müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb 124 il bundan qabaq Bakıda yaradılıb. Bu məktəbləri açan Azərbaycanın xeyriyyəçi və maarifpərvər sahibkarları, ziyalılar başa düşürdülər ki, qızların təhsil alması çox vacibdir. Zaman keçdikcə bu istiqamətlərdə iş aparılmış və müsbət nəticələr əldə olunub: "Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider qadınların idarəetmə və hakimiyyətin bütün sahələrində irəli çəkilməsini vacib hesab edirdi. O, hər zaman qızların, qadınların yüksək səviyyədə təhsil almasına xüsusi diqqət göstərirdi. Ulu Öndər müstəqillik dövründə qadın hüquqlarının qorunması üçün bir çox hüquqi-normativ aktlar, qanunlar təsdiqləmiş, mühüm sərəncam və fərmanlar imzalayıb.
Məhz Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Konstitusiyasında qadınların kişilərlə bərabərhüquqlu olması təsdiq edilib və qeyd edilib ki, ölkədə kişi ilə qadının eyni hüquq və azadlıqları vardır. Ulu Öndər Azərbaycanda qadınların tərəqqisinə və səlahiyyətlərinin artırılmasına yol açan bir sıra təşəbbüslərin müəllifi idi. Ümummilli Liderin dəstəyi ilə keçirilən Azərbaycan qadınlarının qurultayları ölkənin qadın hərəkatı tarixində yeni səhifələr açıb. Həyata keçirilən siyasətin nəticəsində ölkədə lider qadınlar, sahibkar qadınlar yetişdi. Qadınlar iqtisadiyyatda, siyasətdə, elmdə, təhsildə, bir sözlə, hər sahədə aktiv təmsil olunur. Hökumətdə, nazirliklərdə, Milli Məclisdə qadınlarımızın fəallığı artmaqda davam edir”.
H.Hüseynova vurğulayıb ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi vaxtdan bu günədək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub: “30 ilə yaxın davam edən erməni işğalına son qoyulub, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad olunub. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdədir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün Prezident İlham Əliyevin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Eyni zamanda, Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri komitəsi fəaliyyət göstərir.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanımın müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizə öz bəhrəsini verməkdədir. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu dünya arenasında böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir. Bu gün ictimai-sosial həyatımızın elə bir sahəsi yoxdur ki, Mehriban xanımın nəzərindən kənarda qalsın. Xalqın sosial-mədəni həyatında, səhiyyənin, təhsilin, idmanın inkişafında onun xidmətləri misilsizdir”.
Hicran Hüseynova Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli- mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirdiyini söyləyib: “Bu qadınlar bütün tarixi dövrlərdə fəal iştirak edərək, cəmiyyətimizin inkişaf etməsinə öz töhfələrini veriblər. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimləri vardır. Qadınların cəmiyyətdəki yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Hal-hazırda qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Sərbəst təhsil almaqla, fiziki hazırlıqlarını inkişaf etdirməklə, peşəkarlıq səviyyələrini artırmaqla bərabər, cəmiyyətin qurucusu kimi ictimai-siyasi proseslərin fəal iştirakçısına çevrilirlər”.