BAKI, 10 mart. TELEQRAF

İndiyədək 3700-dən çox itkin şəxslə bağlı 11 mindən çox donordan bioloji nümunələr toplanıb sistemləşdirilib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Şərafət Həsənov İtkin düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) "Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı"nın təqdimatında deyib.

Qeyd olunub ki, toplanmış bioloji nümunələrin DNT profilləri Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Genetik araşdırmalar mərkəzi tərəfindən çıxarılaraq arxivləşdirilir. Azərbaycanın beynəlxalq hüquqla tanınan suveren ərazilərinin 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılması itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşmasına imkan verməyib.