
BAKI, 8 mart. TELEQRAF
"Müxtəlif hərbi cinayətlərdə ittiham edilən erməni əsilli şəxslərin Bakıda keçirilən məhkəmə prosesi ilə bağlı Ermənistan hakimiyyətinin narahatlığı birmənalı deyil. Çünki məhkəmə prosesində Ermənistan dövlətinin rəhbərlərinin cinayətləri təsdiqlənir. Arayik Harutunyan məhkəmədə deyir ki, “Gəncənin raketlə vurulması əmrini mən verməmişəm, o əmrlərin hamısı İrəvandan gəlirdi”. Bu, o deməkdir ki, bu hərbi cinayət bilavasitə Ermənistan ordusunun qərargah rəisinə və Baş nazir Nikol Paşinyanın üstünə gedib çıxır. Ermənistan tərəfi də məhz bu faktların açılmasından narahatdır".
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov deyib.
Deputat bildirib ki, rəsmi İrəvan Bakıdakı məhkəmə prosesinə qarşı qarayaxma kampaniyası aparmaqla məşğuldur: “Məhkəmələrdəki açıqlamaları diqqətdən yayındırmağa çalışırlar. Əslində, bu etiraflar Ermənistanın Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə qaldırdığı əsassız iddiaları heçə endirir”.
“Erməni tərəfi Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə, başqa-başqa ölkələrin parlamentlərində əsassız iddialar qaldırmaq niyyətindədir. Amma bütün bunlara baxmayaraq, gec-tez faktlar qarşısında baş əyməyə məcbur olacaqlar. Bakıdakı məhkəmədən çıxan nəticələr böyük bir reallığın üstünü açacaq. Beləliklə, rəsmi İrəvanın məlum faktlar qarşısında əl-qolu tamam bağlanacaq”, - o əlavə edib.
Qeyd edək ki, hazırda Bakı Hərbi Məhkəməsində Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə prosesi davam edir.