BAKI, 10 mart. TELEQRAF

Ermənistan tərəfdən əsir və girov götürülən azərbaycanlılar qeyri-insani şəraitdə saxlanılaraq dəhşətli işgəncələrə və humanizm prinsiplərinə zidd rəftara məruz qalıblar.

Teleqraf xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatının təqdimatında Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Şərafət Həsənov deyib.

Onun sözlərinə görə, istintaq sübut edib ki, 170 azərbaycanlı əsir işgəncələr nəticəsində öldürülüb:

"Müharibə qurbanlarının, xüsusilə itkin düşmüş vətəndaşların taleyi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, daha sonra isə möhtərəm Prezident İlham Əliyevin daim diqqət mərkəzində olub.

Dövlət Komissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndələri arasında 2008-ci ildə imzalanmış razılaşmaya uyğun olaraq, itkin düşmüş şəxslər haqqında məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması prosesi həyata keçirilmişdir. 2014-cü ildən etibarən isə bütün itkin düşmüş vətəndaşların yaxın qohumlarından bioloji nümunələrin toplanmasına başlanılıb".