BAKI, 10 mart. TELEQRAF

Azərbaycanla Ermənistan arasında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsinin üzərindən artıq 5 ilə yaxın bir vaxt keçir. 44 günlük müharibə nəticəsində Azərbaycan beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü 2023-cü ilin 19-20 sentyabr tarixində bir günlük lokal əməliyyatlarla tam təmin edib. 2020-ci ilin 10 noyabrında Azərbaycan, Rusiya və Ermənistan arasında müharibənin başa çatmasını bildirən üçtərəfli Bəyanat imzalanıb. Amma hələki tərəflər arasında yekun sülh sazişi əldə olunmayıb. Bakı ilə İrəvan arasında davam edən sülh danışıqlarını məntiqi sonluqla yekunlaşdırmaq mümkün olmur. Bu vəziyyətin nə vaxta qədər davam etməsi və proseslərin sonrakı gedişi ilə bağlı heç də birmənalı proqnozlar verilmir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli Telqraf-a bildirib ki, tərəflər arasında yekun razılığa gəlmək üçün mütləq ilkin şərtlər təmin olunmalıdır.

Ekspertin fikrincə, sülh müqaviləsi o zaman imzalanacaq ki, rəsmi İrəvan Bakının legitim şərtlərini qəbul edəcək: “Bu halda sülh müqaviləsinin imzalanması mümkündür. Qeyri-müəyyən vəziyyətin davam etməsi isə risklər yaradır. Azərbaycan davamlı sülhdə maraqlıdır. Razılaşmanın olmaması "nələrə səbəb olar" sualı isə açıq qalır. Bu əslində, Bakı üçün təhdid yaratmır. Keçmiş münaqişə vəziyyətində Azərbaycan inkişaf edərək torpaqlarını Ermənistanın işğalından azad edib”.

“Elə ölkələr var ki, hələ də onlar arasında sülh müqaviləsi imzalanmayıb. İkinci Dünya müharibəsindən sonra Rusiya ilə Yaponiya arasında yekun razılıq əldə edilməyib. Amma iki ölkə fərqli səviyyələrdə inkişaf edib və əməkdaşlıq qura biliblər. Ermənistanla isə vəziyyət fərqlidir. Sülh olmasa, bu ölkə ciddi təhdid və təhlükə ilə üzələşəcək. Onu daha ağır fəsadlar gözləyir. İşğal siyasətinə görə təcrid vəziyyətinə düşdüyü üçün geosiyasi dalan vəziyyətində qalacaq”, - o əlavə edib.

Politoloq Ramiyə Məmmədova Azərbaycanla Ermənistan arasında mövcud fikir ayrılığına diqqət çəkib.

“İki ölkə arasında razılaşdırılmayan məqamlar var. Sülhə ən böyük maneə Ermənistan konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddialarıdır. Onlar Türkiyədən də torpaq istəyirlər. Ona görə də konstitusiyanı dəyişməklə məsələ bitmir. Cəmiyyətin şüurunda "ərazi iddiası" anlayışı aradan qalxmalıdır. Bu nəsil olmasa, ondan sonra gələnlər yenidən torpaq iddiası ilə çıxış edə bilərlər”, - o qeyd edib.

Politoloq Şimalı Koreya ilə Cənubi Koreya arasında 1950-1953-cü ildə baş vermiş müharibəni nümunə göstərib.

"Seulla Pxenyan arasında atəşkəs elan edilsə də, yekun sülh razılaşması imzalanmayıb. Hələ də bu ölkələr arasında gərginlik var. Tarixi Azərbaycan ərazilərində İrəvan xanlığının torpaqlarında yaranan Ermənistanla sülhün əldə edilməsi isə onun davranışlarından asılıdır. Çünki atəşkəsi uzun müddət qoruyub saxlamaq mümkün deyil. Ermənistanı sülhdən yayındıran kənar təsirlər çoxdur. İrəvanın davamlı olaraq silahlandırılması region üçün təhdidlər yaradır. 5-10 il sonra müharibənin olmamasını proqnozlaşdırmaq çətindir. Bu baxımdan tərəflər yekun sülh sazişinin imzalanmasında maraqlı olmalıdır”, - Ramiyə Məmmədova belə deyib.