BAKI, 11 mart. TELEQRAF

İkinci Qarabağ müharibəsinin başa çatmasından 5 ilə yaxın vaxt keçir. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında müharibənin başa çatmasını bildirən üçtərəfli bəyanat imzalanıb. Amma Bakı ilə İrəvan arasında yekun sülh sazişi əldə edilməyib. Sülh razılaşmasının olmaması proseslərin sonrakı inkişafı üçün hansı təhdidlər yara bilər sualı isə açıq qalır.

Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov sülh müqaviləsinin üç istiqamətdə aparıldığına diqqət çəkib.

Politoloq bildirib ki, sülh müqaviləsi, delimitasiya və demarkasiya, Zəngəzur dəhlizinin açılması üzrə danışıqlar gedir: “Delimitasiya və demarkasiya sonda baş tutacaq proses olsa da, digər məsələləri yaxın iki ildə həll etmək mümkündür. Gözlənilən odur ki, 2025-ci ildə də danışıqlar davam edəcək. Dünyada baş verən ziddiyyətli proseslər Cənubi Qafqaza da təsir göstərəcək. Amma 2025-ci ildə Bakı və İrəvanın qarşıya qoyulan məsələləri həll etmək imkanları var”.

İrəvan üçün açıq təhdidlərin yarana bilmə ehtimalını qeyd edən Z.Məmmədov əlavə edib ki, arxa palandakı oyunlar Cənubi Qafqazda erməni dövlətçiliyinin mövcudluğunu sual altına atacaq.

"Hadisələrin gedişi göstərir ki, Ermənistan vaxtı uzadır. Bölgəni hərbiləşdirməyə çalışır. İrəvan həmçinin regionda yeni “Kosova” yaratmaq istəyirdi. ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasındakı münasibətlərin yaxşı səviyyədə olması, Azərbaycanın Xankəndidə vaxtında (2023-cü ilin 19-20 sentyabr) antiterror tədbirləri həyata keçirməsi bu “layihə”ni kənara atdı. Nikol Paşinyan Fransa ilə Azərbaycana qarşı “plan” hazırlayırdı. İndi isə Azərbaycanda həbsə olan erməni əsilli şəxslərlə bağlı erməni diasporunun və Ermənistan dövlətinin apardığı təbliğat onların sülhə hazır olmadığını göstərir”, - Zaur Məmmədov söyləyib.