BAKI, 11 mart. TELEQRAF

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Musa müəllim, Qarabağ və Şərqi Zəngəzurda hazırda hansı işlər görülür? Böyük Qayıdış proqramının icrası hansı səviyyədədir?

- Böyük Qayıdış proqramı Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutur. Bu, yeni bir mərhələnin başlanğıcından xəbər verən çox ciddi tarixi, əhəmiyyətli prosesdir. Proses nəinki indi, yaxın illərdə, uzaq gələcəkdə belə xatırlanacaq. Ata-baba yurdlarında məskunlaşanların nəvə-nəticələri Böyük Qayıdışa öz dəyər və qiymətini verəcəklər. 2020-ci ildə Vətən müharibəsi qələbə ilə bitdikdən sonra Prezident İlham Əliyev məhz Böyük Qayıdışın anonsunu etdi. Dövlət başçısı işğaldan azad edilmiş torpaqlarda təhlükəsizlik təminatlarının yaranması, minaların, partlamamış hərbi sursatların zərərsizləşdirilməsi və Böyük Qayıdışa hazırlıq prosesinin əsası olan infrastruktur layihələrinin icrası üçün öz tapşırıqlarını verdi. Hər gün də bu tapşırıqların icrasına ölkə başçısı tərəfindən nəzarət edilməkdədir. Qısa müddət ərzində Şuşaya Zəfər yolu çəkildi. Bunun ardınca isə digər infrastruktur layihələri həyata keçirilməyə başladı. İşıq-qaz, yol, körpü, dəmir yolu, aeroportların tikilməsi, sosial obyektlərin və yaşayış üçün mənzillərin, məntəqələrin, şəhərlərin planlaşdırılmasına çox ciddi əsaslar vermiş oldu.

Nəhayət, Böyük Qayıdışla bağlı dövlət proqramı qəbul edildi. Artıq proqramın icrası çox uğurla davam edir. Son 4 ildə ölkə büdcəsindən bu istiqamətdə 20 milyard manatdan artıq vəsait xərclənib. Bunun uğurlu nəticələri də əldə olunub. İşğaldan azad edilmiş bütün şəhərlərin baş planı işlənib hazırlanıb. Bir çox şəhər və rayon mərkəzlərində artıq həyat canlanmaqdadır. Şuşa, Ağalı, Zəngilan, Qubadlı, Laçın, Cəbrayıl, Füzulidə artıq məskunlaşma həyata keçirilir. Kəlbəcərə də artıq köç planlaşdırılır. Ağdamda da bu ilin sonuna qədər məskunlaşma başlayacaq. Eyni zamanda Xankəndi, Xocalı, Xocavənd rayonlarına keçmiş qaçqın və məcburi köçkünlərin geri qayıdışı nəzərdə tutulub. Bütün bunlar isə ümumilikdə 5 il ərzində görülən işlərin mənzərəsidir.

- Azad edilmiş bölgələrdə ilkin olaraq daha çox hansı sahələrə vəsaitlərin yönəldilməsi təmin edilib?

- Sözsüz ki, bölgədə infrastruktur layihələri daha çox vəsait tələb edən vaxt aparan, əziyyət tələb edən işlərdir. Bu işlər demək olar ki, icra olunub. Füzulidə, Zəngilanda hava limanları fəaliyyət göstərir. Laçında isə aeroportun istifadəyə verilməsi gözlənilir. Eyni zamanda azad edilmiş ərazilərə qayıdan insanların yaşayıb işləməsi üçün iş yerlərinin açılması və onların mədəni, sosial həyatının təmin edilməsi üçün də obyektlərin tikilməsi diqqət mərkəzindədir. Bu il ərzində daha 40 min sakinin azad edilmiş ərazilərə qayıdışı gözlənilir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda 40 minə yaxın insan yaşayır və işləyir. Eyni zamanda burada sosial həyatın təmin olunması üçün mədəniyyət mərkəzləri, məktəblər, xəstəxanalar, idman kompleksləri tikilib istifadəyə verilir. Xankəndidə Qarabağ Universitetinin açılması isə bölgəyə yeni bir həyat bəxş etmiş oldu.

- İş adamları və sosial müdafiə ilə bağlı azad edilmiş bölgələrdə hansı güzəştlər mövcuddur?

- Azad edilmiş ərazilərdə vergi, sosial güzəştlər və digər imtiyazlar nəzərdə tutulub. 10 il müddətində bu bölgədə yaşayan, çalışan şəxslər vergilərdən azad ediləcək. Sosial sığorta haqqları isə dövlət vəsaiti hesabına təmin ediləcək. Bölgədə işə başlayan hər bir şəxs üçün birdəfəlik müavinət müəyyənləşdirilib. Qarabağ və Şəqri Zəngəzurda məskunlaşan hər bir ailənin üzvü işlə təmin edilir. Eyni zamanda məşğulluq proqramları getdikcə genişlənməkdədir.

- Qarabağda və Şərqi Zəngəzurda fərdi təsərrüfatların yenidən bərpası və inkişafı üçün proqramlar nədən ibarətdir?

- Özünüməşğulluq proqramları burada da geniş şəkildə tətbiq edilir. Milli Məclisin qəbul etdiyi qanuna əsasən, Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan şəxslərin torpaq payları ilə təmin edilməsi prosesinə də başlanılıb. Bu torpaq paylarının verilməsi, subsidiyaların ayrılması prosesi də məşğulluğun artırılmasına hesablanıb. İnsanlar orada yaşayaraq, dövlət büdcəsinə, vergi ödəyərək daha faydalı fəaliyyətlə məşğul olacaqlar. Təbii ki, qarşıda böyük vəzifələr var. Onlardan ən böyüyü Zəngəzur dəhlizinin açılmasıdır. Dəhliz açıldıqdan sonra bu bölgənin əhəmiyyəti dəfələrlə artacaq. Burada artıq turizm, kənd təsərrüfatı və nəqliyyat-kommunikasiya sektorunun inkişafı üçün geniş perspektivlər yaranacaq. Bütövlükdə Qarabağ və Şərqi Zəngəzurda gedən proseslər Prezident İlham Əliyevin nəzarətindədir. 2026-cı ilin sonuna qədər bu bölgədə 140 min sakinin məskunlaşması nəzərdə tutulur.