.png)
BAKI, 11 mart. TELEQRAF
Prezident Administrasiyasının təşkilatçılığı ilə siyasi partiya təmsilçiləri, politoloqlar və jurnalistlərin Xankəndi, Əsgəran və Xocalıya səfərində yadda qalan məqamlar çox olub. Bu iqtidar və müxalifət təmsilçilərinin işğaldan azad edildikdən sonra Qarabağa 5-ci səfəridir. Sözsüz ki, səfər mümkün dialoq formatı ilə yanaşı, 30 ildə Ermənistanın ərazilərdə törətmiş olduğu vandallığın və hazırda bölgədə görülən işlərin göz önündə canlandırılması kimi də xarakterizə edilir.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Teleqraf-a açıqlamasında səfərin əhəmiyyətinə diqqət çəkib.
Partiya sədri bildirib ki, Azərbaycanda iqtidar-müxalifət dialoqu ilə bağlı müxtəlif təkliflər, fikirlər müstəqilliyin ilk illərindən səslənməyə başlayıb: “O vaxtdan münasibətləri normal məcraya yönəltmək üçün fərqli yanaşmalar sərgilənib. Təəssüf ki, əvvəllər ATƏT-in iştirakı ilə bu dialoq mümkün olub. Bu tip görüşlər də adətən, seçki öncəsi təşkil edilirdi. 2020-ci ildən isə iqtidar-müxalifət dialoqunda yeni mərhələ başlayıb. Vətən müharibəsində ölkədə fəaliyyət göstərən siyasi partiyalar iqtidarın yanında oldu. Bu tendensiya uğurla davam edir. Bir neçə dəyirmi masa təşkil edilib. İqtidar-müxalifət formatında işğaldan azad edilmiş torpaqlara səfərlər məhz bu xəttin davamıdır”.
S.Rüstəmxanlı deyib ki, buna nə ad qoyulsa belə birlik müsbət haldır: "Ölkəmizin qarşısında həlli vacib məsələlər var. Qarabağ torpaqlarının azad edilməsi ilə yanaşı, tarixən xalqımızın başına gətirilən müsibətlər, haqqımız olan bir çox şeylərin əlimizdən alınması bizi məcbur edir ki, mübarizə davam etdirilsin. Ona görə də ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaların birlikdə olması önəmlidir. Son səfərdə Xocalıda, Əsgəranda, Ballıcada xoş mənzərələrlə qarşılaşdıq. Xankəndidə artıq həyatın qaynadığını gördük. Orada artıq 9 minə qədər adam yaşayır, Qarabağ Universiteti fəaliyyət göstərir və tarixi şəhər yavaş-yavaş öz həyatını bərpa edir”.
ReAl Partiyasının sədri Natiq Cəfərli Qarabağa partiyaların 5-ci səfəri olsa da, özünün birinci dəfə getdiyini bildirib.
Onun fikrincə, bu cür görüşlərin, yəni iqtidarla müxalifətin dialoqunun əhəmiyyəti böyükdür: “Birbaşa qeyri-formal şəraitdə təmaslar qurub müəyyən məsələləri müzakirə etmək fürsəti yaranır. Səfərdə həmçinin Qarabağda görülən işlərlə bağlı hökumətin hesabatını dinləmək imkanı oldu. Bəyənilən məqamlardan biri bu oldu. Prezidentin şəxsi nümayəndəsi ətraflı şəkildə görülən işləri izah etdi. Ünvanlanan suallara dolğun cavablar alındı. Qarabağ Universitetinin rektoru ayaqüstü də olsa, məlumatlandırma sessiyası etdi. Kifayət qədər informasiyalı görüş oldu. Gələcək planlarla bağlı məlumatlar səsləndirildi. Həm də səslənən suallara cavablar verildi ki, bu çox vacib idi”.
Partiya sədri əlavə edib ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bu cür görüşləri təşkil etməklə ümumilikdə siyasi münasibətlərin yumşalmasına, münasibətlərin diskusiya və debat şəklində getməsinə şərait yaradır: "Bu yaxşı ənənədir. Bunun praktiki nəticələri olacaq. Birgə qanunvericilik layihələrinin, təkliflər paketinin hazırlanması və təqdimatı Azərbaycanda yeni siyasi münasibətlərin yaranmasına xidmət edəcək”.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa Qarabağa iqtidarla müxalifət partiyalarının birgə səfərlərinin faydalı olduğunu deyib.
Partiya sədrinin fikrincə, azad edilən ərazilərdə görülən işlərin bilinməsi baxımından bu kimi səfərlərin əhəmiyyəti çoxdur: “Hazırda ərazilərdə böyük quruculuq işləri gedir. Səfər çərçivəsində siyasi partiyaların birlikdə iştirakı ilə müəyyən məsələlər müzakirə edildi, səmərəli dialoq alındı. İştirakçılar da bundan mənmun oldu. İşğaldan azad edilmiş ərazilərdə müəyyən təsəvvürlərin olması siyasi partiyalar üçün də vacibdir. Bu fikir formalaşdırmaq, gələcəkdə hansı işlərin görülməsi ilə bağlı təklif və təşəbbüslərin irəli sürülməsi üçün əsaslar yaradır”.
Fazil Mustafa Xocalıda duyğulu anlar yaşadıqlarını da söyləyib: “Ərazilərdə Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən qətliamın üzərindən bəlli vaxt keçdikdən sonra bu gün Xocalıda məktəbin fəaliyyətini bərpa etməsi, uşaqların səsi, onların idmanla məşğul olması, Ballıca kəndində həyatın canlanması sevindirici idi. Ölkə başçısının bu istiqamətdə atdığı addımlar möhtəşəmdir”.