BAKI, 7 mart. TELEQRAF
Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Ziyafət müəllim, regional kommunikasiyaların açılması ilə bağlı hazırkı vəziyyəti necə dəyərləndirirsiniz? Bölgədə dəhliz və yolların blokdan çıxarılması üçün əsas maneələr nədən ibarətdir?
- 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanmış üçtərəfli razılaşmada regional kommunikasiyaların açılması ilə bağlı ayrıca bənd mövcuddur. Üçtərəfli razılaşmanın 9-cu bəndində bu məsələ xüsusi olaraq qeyd edilib. Nəzarətin isə Rusiya tərəfindən həyata keçirilməsi razılaşmada öz əksini tapıb. Məhz həmin bəyanatla Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Zəngəzurdan keçən dəhlizin açılması nəzərdə tutulub. Amma razılaşmanın üzərindən 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan bu öhdəliyi icra etmir. Bu gün məhz regional kommunikasiyaların blokdan çıxmaması Ermənistanın tutmuş olduğu qeyri-konstruktiv mövqe ilə bağlıdır. Rəsmi İrəvan bu məsələyə fərqli prizmalardan yanaşmaqla üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmaqla yanaşı, prosesə üçüncü tərəfləri qatmağa çalışır. Bu isə təbii ki, regional əməkdaşlığın qarşısını kəsən başlıca əngəldir.
- Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinin hansısa beynəlxalq korporasiyanın nəzarətində açılması imkanlarından danışır. Sizcə, bu hansı şərtlər daxilində mümkün ola bilər?
- Ermənistan tərəfi indiyə qədər Zəngəzurdan keçən kommunikasiyalarla bağlı fərqli mövqe sərgiləyirdi. Rəsmi İrəvan bunu az qala öz suverenliyinə təhdid hesab edirdi. İndi isə erməni tərəfi Zəngəzur dəhlizinin hansısa beynəlxalq korporasiyanın nəzarəti ilə açılmasını gündəmə gətirir. Görünür, söhbət heç də Ermənistanın suverenliyindən getmir. Məqsəd Ermənistanın üzərinə düşən öhdəlikdən boyun qaçırmasıdır. Ona görə də Paşinyan hazırda prosesi imitasiya etməklə məşğuldur. Onun dünən verdiyi bəyanat, bu gün açıqladığı fikirlərlə ziddiyyət təşkil edir. Sözsüz ki, Zəngəzur dəhlizi gec-tez açılacaq. Ermənistan məhz vaxtında bu öhdəlikləri icra etsə, bu onun özü üçün faydalı olacaq. İrəvan bu reallığı gec olmadan dərk etməlidir. Sadəcə, Ermənistanın müstəqil siyasi xətti olmadığına görə, digərlərinin əlində oyuncağa çevrilir. Bunun fonunda Ermənistanın proses sona çatdıqda, hara gedəcəyi çox maraqlıdır.
- Sülh sazişi layihəsinə bir neçə şərtin əlavə edilməsi iddia edilir. Erməni tərəfi razılaşmada nələrin olmasını istəyir?
- İrəvanın sülh layihəsinə etmək istədiyi əlavələr ayrı mövzudur. Bunun sülh mətninə heç bir aidiyyəti yoxdur. Ona görə də Ermənistanın bu gün danışmağa çalışdığı mövzular növbəti bəhanələrdir. Belə bəhanələrlə İrəvan sülh müqaviləsinin imzalanmasının vaxtını uzatmaq istəyir. Amma bunlar baş tutmayacaq. Ermənistan regionda yaranmış yeni reallığı qəbul etməlidir. Cənubi Qafqazda sülh və sabitlik bərqərar edilməlidir. Bunu pozmağa heç kəsin gücü çatmayacaq. Bu bölgədə sülhə və təhlükəsizliyə ən böyük zəmanət qalib və güclü Azərbaycan dövlətidir.