
BAKI, 10 mart. TELEQRAF
Novruz bayramına qədər çatdırmaq mümkün olmasa, may ayında, Respublika Günü ərəfəsində əfvin olması ehtimalı var. Bu il çərçivəsində Prezident yanında Əfv Məsələləri Komissiyasının bir neçə iclası keçirilib və ümumilikdə 400-ə yaxın müdaciətə baxılıb.
Bu sözləri Teleqraf-a hüquq müdafiəçisi Novella Cəfəroğlu əfvlə bağlı gözləntiləri şərh edərkən deyib.
“Çox istərdik cəzasının böyük hissəsini çəkmiş şəxslər əfv edilsin. Bəziləri siyasi fəaliyyətlə məşğul olmuş şəxslərin azad edilməsini daha çox gündəmə gətirir. Biz isə istəyirik ki, islah edilmiş hər kəs azad olunsun. Hər kəsə bu gözlə baxmaq lazımdır. Kiminsə buna daha çox haqqı çatır və yaxud çatmır deməklə məsələyə yanaşmaq olmaz”, - o qeyd edib.
Hüquq müdafiəçisi ömürlük həbs edilmiş şəxslərlə bağlı qərar verilməsinin mümkünlüyündən danışıb.
“Ömürlük cəza almış şəxslərlə bağlı ayrıca qanun qəbul edilə bilər. 20 il həbsdə olmuş insanları azad etmək lazımdır. Bu şəxslər islah olunublar. Cəmiyyət üçün heç bir təhdid yarada bilməzlər. Həmçinin qadınların cəza növünə görə, həbsdə qalması yaxşı əlamət deyil.
Bizə əfvlə bağlı müraciətlər çox olur. Sabiq deputat Dünyamin Xəlilovla (Milli Məclisi III çağırış deputatı 2005-2010) bağlı da müraciət edilib. Törətmiş olduğu cinayətin mahiyyətindən asılı olaraq onun da azadlığa çıxması məqbul seçimlərdən biridir. Azərbaycan və onun nüfuzu naminə təsirli addımlar atılmalldır. Ümumi əfv milli barışıq üçün də əsas faktor hesab edilir”, - Novella Cəfəroğlu əlavə edib.
Qeyd edək ki, 2025-ci il üçün Prezident yanında Əfv Məsələləri Komissiyasının üç iclası olub. Komissiyanın iclasları adətən, mühüm tarixi günlər münasibətilə nəzərdə tutulan əfvlə bağlı keçirilir.