
BAKI, 7 mart. TELEQRAF
"Bu gün Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvədədir. İki ölkə arasında əlaqələr unikal müttəfiqlik nümunəsidir. Azərbaycanla Türkiyənin əlaqələri tarixi, eyni soykökə bağlılıq, dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qədər yaşayacaq “Bir millət, iki dövlət” kəlamı münasibətlərin əsasında dayanır".
Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir: “Prezident İlham Əliyevin dediyi kimi, Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir. Hər iki ölkənin rəhbərliyinin sıx münasibətləri xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir. Şuşa Bəyannaməsinin imzalanması ilə strateji müttəfiqlər olan Azərbaycanla Türkiyə bütün məsələlərdə daim bir-birinin yanında olduqlarını nümayiş etdirir. Martın 5-də İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi isə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin növbəti ifadəsidir. Bu layihənin təkcə sosial-iqtisadi deyil, siyasi əhəmiyyəti də böyükdür. Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında keçirilən açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməsi də layihənin önəmini təsdiqləyir”.
Deputatın fikrincə, İğdır-Naxçıvan qaz boru kəməri layihəsi Naxçıvanın qaz təchizatını şaxələndirməklə yanaşı, həm Naxçıvan, həm də İğdır əhalisinin rifahına xidmət edəcək: “Mərasimdə Prezident İlham Əliyevin dediyi kimi, bir əsrdən çoxdur ki, Naxçıvan Azərbaycanın əsas hissəsindən ayrılıb: “Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən beş ay sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozulub. Bir əsrdən çox davam edən bu ədalətsizlik Naxçıvanda yaşayan bizim soydaşlarımızın həyatına çox mənfi təsir göstərmişdir. Xüsusilə Birinci Qarabağ savaşı başlayan kimi Ermənistan Qarabağı işğal etdi və eyni zamanda, Naxçıvanı blokadaya aldı”. 44 günlük Vətən müharibəsindən sonra Ermənistan üçtərəfli bəyanat əsasında Naxçıvana maneəsiz gediş-gəliş üçün öhdəlik götürüb. Lakin rəsmi İrəvan Zəngəzur dəhlizi adlandırdığımız layihənin reallaşmasına hələ də əngəl olur. Amma gec-tez bu tarixi ədalətsizlik aradan qaldırılmalı, Zəngəzur dəhlizi açılmalıdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da mərasimdə söyləyib ki, Türkiyə və Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədir: “Bölgəmizdə ancaq sülh istəyirik, əməkdaşlıq istəyirik, hamımızın birlikdə inkişaf etməsini istəyirik. Bu məqsədlə indiyədək bir sıra addımlar atdıq, səmimiyyətimizi göstərdik. İnşallah, bundan sonra regional sülh, rifah və əmin-amanlıqla bağlı hər cür layihəni birlikdə həyata keçirməkdə qətiyyətliyik”.
Sevinc Fətəliyeva vurğulayıb ki, Azərbaycan və Türkiyənin birgə əməkdaşlığı çərçivəsində həyata keçirdiyi qlobal layihələr regionun inkişafına töhfə verməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır: “44 günlük müharibə zamanı dost, qardaş Türkiyə Cümhuriyyətinin xalqımıza qəti dəstəyi Azərbaycanın işğalçı Ermənistan üzərində qələbəsində əhəmiyyətli rol oynadı. Eləcə də, iki il öncə qardaş ölkədə baş vermiş güclü zəlzələ ilə bağlı Azərbayan öz qardaşlıq dəstəyini əsirgəmədi. Bütövlükdə, Azərbaycan və Türkiyə arasındakı münasibətlər iki ölkənin ortaq tarixindən, mədəniyyətindən və dilindən qaynaqlanaraq beynəlxalq səviyyədə güclü strateji əməkdaşlığa çevrilib. Türk dünyası daxilində ölkələrimiz arasında artan əməkdaşlıq yalnız iki dövlətin deyil, bütün Türk dünyasının birliyini və inkişafını dəstəkləyir”.