BAKI, 10 mart. TELEQRAF

Azərbaycanda itkin düşmüş şəxslərin məsələsinin həlli istiqamətində beynəlxalq əməkdaşlıq daha da gücləndiriləcək.

Teleqraf xəbər veri ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) Azərbaycanda itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatının təqdimat mərasimində bildirilib.

Bu məqsədlə aşağıdakı təkliflər irəli sürülür:

- Vətəndaş cəmiyyətinin itkin düşmüş şəxslərin məsələlərinin həllində iştirakı təşviq ediləcək;

- İtkin şəxslərin problemi, davam edən sülh təşəbbüslərində önə çəkiləcək;

- Münaqişə ilə təsirlənmiş ərazilərdə axtarış və bərpa əməliyyatlarına dair əməkdaşlıq mexanizmi yaradılacaq;

- Ermənistan və Azərbaycan arasında itkin düşmüş şəxslərin DNT müqayisəsi üçün müstəqil mexanizm yaradılacaq.

Bu addımlar beynəlxalq tərəfdaşlarla birgə itkin düşmüş şəxslərin müəyyən edilməsi və ailələrinə təhvil verilməsi prosesini daha effektiv etməyə yönəldiləcək.

Azərbaycanda itkin düşmüş şəxslərlə bağlı istintaq prosedurlarının təkmilləşdirilməsi və məhkəmə-tibbi ekspertiza imkanlarının genişləndirilməsi istiqamətində də yeni tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Bu məqsədlə aşağıdakı addımların atılması nəzərdə tutulur:

- Mərkəzləşdirilmiş məlumat emalı sisteminin tətbiqi;

- İnsan qalıqlarının aşkar edilməsi, ekshumasiya və bərpası proseslərinin təkmilləşdirilməsi;

- Qalıqların ekspertizası prosedurlarının gücləndirilməsi;

- DNT analizi imkanlarının artırılması.

Bu tədbirlər itkin düşmüş şəxslərin müəyyən edilməsi və onların ailələrinə təhvil verilməsi prosesini sürətləndirmək məqsədilə həyata keçiriləcək.