
BAKI, 8 mart. TELEQRAF
Avropa İttifaqının (Aİ) Ermənistandakı “missiyası"nın üzvləri növbəti dəfə Azərbaycanla həmsərhəd ərazilərdə müşahidə aparıblar. Aİ müşahidəçiləri martın 7-də Qazax rayonu ilə həmsərhəd əraziyə gəlib, binoklla Azərbaycan ərazilərini müşahidə ediblər. Azərbaycan sərhədçiləri müşahidə “missiyası"nın hərəkətlərini qeydə alıblar. Onların son zamanlar şərti sərhəddə daha çox görünməsi birmənalı qarşılanmır.
Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Teleqraf-a açıqlamasında “missiya”nın artan reydlərinin fərqli məqsədlərə xidmət etdiyini söyləyib.
“Onlar binoklla ərazini müşahidə etməklə öz “işlərini” görmüş hesab edirlər. Şərti sərhəd boyu aparılan müşahidələrdən sonra bununla bağlı “hesabat”lar hazırlanır. Onların gəlib əraziyə baxmaqdan başqa bir “fəaliyyət”ləri yoxdur”, - o qeyd edib.
Hərbi eksper söyləyib ki, Azərbaycan zəif dövlət deyil ki, Avropa İttifaqının hansısa “missiyası" sərhəddə apardığı müşahidələrdən ölkəmizə qarşı istifadə edilsin.
“Əraziləri binoklla müşahidə edən avropalı “kəşfiyyatçı”ların hərəkətlərinin hamısı qeydə alınır. Avropa İttifaqının bölgədəki “fəaliyyəti”nin Azərbaycan üçün heç bir narahatlığı yoxdur. Bəzən kəşfiyyat məlumatları əldə etmək məqsədilə onların bölgəyə yerləşdirildiyi bildirilir. Hətta Rusiyanın Azərbaycandakı səfiri də açıqlama vermişdi ki, Aİ-nin “missiyası" Azərbaycan, İran və Rusiya əleyhinə kəşfiyyat məlumatları toplayır. Bu da məntiqsiz idi. Çünki “missiya” İran sərhəddində müşahidə aparmır. Rusiyanın isə Ermənistanda hərbi bazası var. Azərbaycan tərəfindən Ermənistana qarşı hər hansı hücum planlaşdırılmır və yaxud hər hansı bir iddia mövcud deyil. Ermənistanın Azərbaycana qarşı olan iddiaları və atacağı addımlar isə tam olaraq nəzarətdədir. İrəvanın bu istiqamətdə hər hansı addım atması mümkün deyil. Bunu birdəfəlik bilmək lazımdır”, - deyə Üzeyir Cəfərov əlavə edib.
Qeyd edək ki, yanvarın 30-da Avropa İttifaqının Ermənistandakı "missiyası"nın fəaliyyətinin 2027-ci ilin fevralın 19-dək uzadılması barədə razılıq əldə edilib.
Xatırladaq ki, Aİ-nin Azərbaycan-Ermənistan sərhəd bölgəsinə ilk müşahidə missiyası Azərbaycanın da razılığı ilə 2022-ci ilin oktyabrında iki aylıq müddətə göndərilib. Brüssel müşahidə missiyasının sərhədin Azərbaycan hissəsinə yerləşdirilməsini təklif etsə də, Bakı bunu rədd edib. Bakı, həmçinin missiyanın mandatın uzadılması ilə bağlı təkliflərə də yox deyib. Daha sonra isə 2023-cü il fevralın 20-dən hazırkı dövrə qədər "missiya"nın bölgədə qalması ilə bağlı qərar verilib.