BAKI, 7 oktyabr. TELEQRAF
Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı yeni mexanizmlər təklif olunur.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin payız sessiyası üzrə keçirilən bugünkü iclasında müzakirəyə çıxarılıb.
“Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Fərdi məlumatlar haqqında” və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsində nəzərdə tutulan mexanizmlərin digər qanunvericilik aktlarında tətbiqini təmin etmək məqsədi daşıyır.
Layihəyə əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxsin hüquqlarının və qanuni mənafelərinin qorunması üçün bir sıra əlavə hüquqi mexanizmlər yaradılması nəzərdə tutulur.
Sənəddə məlumat verən şəxsin öz razılığı ilə şahid qismində dindirilməsi, həmçinin onun və yaxınlarının dövlət tərəfindən müdafiə olunan və hüquqi yardım göstərilən şəxslərin dairəsinə daxil edilməsi ilə bağlı müddəaların əks etdirilməsi təklif olunur.
Bununla yanaşı, məlumat verən şəxslərin məlumatlarının konfidensiallığının qorunması və onların mümkün təzyiqlərdən müdafiəsi mexanizmlərinin müxtəlif qanunvericilik aktlarında təsbit edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, dəyişikliklər Əmək və Vergi məcəllələri ilə yanaşı, Cinayət-Prosessual Məcəlləyə və yeddi xüsusi qanuna şamil edilir.
Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.