BAKI, 7 oktyabr. TELEQRAF

“Münaqişə nəticəsində itkin düşmüş şəxslərin taleyinin və harada olduqlarının müəyyənləşdirilməsi ciddi ədalətsizliyin aradan qaldırılması deməkdir. Bu, nə mümkünsüz, nə də asan prosesdir”.

Teleqraf xəbər verir ki, bu sözləri Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Mərkəzi Axtarış Agentliyinin rəhbəri Kristian Rivye "Bakı Dialoqu" çərçivəsində keçirilən "İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda IV Beynəlxalq Konfransın panel sessiyasında deyib.

O vurğulayıb ki, həqiqətin üzə çıxarılması uzun, çətin və ağrılı bir yol tələb edir, bu isə tərəflər arasında əməkdaşlığı zəruri edir:

"Bunun üçün böyük siyasi cəsarət lazımdır. Lakin bu, ailələrin tələb etməyə haqqı olduğu vacib bir nəticədir. Düzgün yanaşmalar və effektiv mexanizmlər itkin şəxslərin taleyinin müəyyənləşdirilməsinə mühüm töhfə verə bilər".

BQXK rəsmisi təşkilatın itkin şəxslərin ailələri ilə bağlı apardığı son araşdırmanın nəticələrinə də diqqət çəkib:
"Bosniya, Meksika və Tanzaniyada apardığımız araşdırmalar göstərir ki, bütün çətinliklərə baxmayaraq, itkin şəxslərin ailələri sülh prosesinə inamın artırılmasında böyük rol oynayırlar. Hər üç ölkədə ailələr siyasi və etnik ayrılıqları aşaraq, proseslərin daha inklüziv və şəffaf olması üçün təşəbbüs göstəriblər".