BAKI, 7 oktyabr. TELEQRAF

Müxalif “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyanın daşınmaz və daşınar əmlaklarına həbs qoyulub.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, icraat çərçivəsində Q.S.-na məxsus təxminən 29 daşınmaz və 488 daşınar əmlaka, 33 nəqliyyat vasitəsinə və 27 müxtəlif şirkətdəki hissələrinə, onunla əlaqəli 40 hüquqi şəxsin pay və səhmlərinə, eləcə də həmin hüquqi şəxslərə məxsus əmlaklara həbs qoyulub.

İstintaq Komitəsi tərəfindən Q.S.-nın malikanəsində aparılmış axtarış nəticəsində aşkar edilmiş külli miqdarda pul vəsaitlərinə və qiymətli zinət əşyalarına da həbs qoyulub. Ona həmçinin aşkar edilmiş və üzərinə həbs qoyulmuş əmlak barəsində qanunsuz sərəncam verilməsi istiqamətində hansısa addım atmamaq öhdəliyi qoyulub.

Digər icraat çərçivəsində Q.S.-na məxsus Göyçə gölünün sahilyanı ərazisində yerləşən daşınmaz əmlak və tikililərlə bağlı mülkiyyətçinin dəyişdirilməsi qadağan edilib. Həmçinin sözügedən əmlakla bağlı faktiki vəziyyəti pisləşdirən hansısa qanunsuz hərəkətin həyata keçirilməsinə də qadağa qoyulub.

Xatırladaq ki, iyulda həbs olunan Qaqik Sarukyan külli miqdarda dələduzluq və çirkli pulların yuyulmasında ittiham edilir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, “Çiçəklənən Ermənistan” partiyasının sədri iranlı iş adamlarının 21 milyon dollar dəyərində əmlakını mənimsəyib. Sarukyan ötən aylar ərzində bir neçə dəfə eyni iş üzrə dindirilib.