BAKI, 7 oktyabr. TELEQRAF
"Koordinasiya Qərargahı Ukrayna dövlətinin Rusiyanın genişmiqyaslı təcavüzünün başlanmasından dərhal sonra, 2022-ci ildə yaratdığı unikal hökumət strukturudur".
Teleqraf xəbər verir ki, bu sözləri Ukraynanın itkin düşmüş şəxslər üzrə müvəkkili Artur Dobroserdov "Bakı Dialoqu" çərçivəsində keçirilən "İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda IV Beynəlxalq Konfransın panel sessiyasında deyib.
O bildirib ki, bu strukturun əsas məqsədi dövlətin Üçüncü və Dördüncü Cenevrə konvensiyaları üzrə beynəlxalq hüquqi öhdəliklərini tam yerinə yetirməsini təmin etməkdir:
"Biz insanları əsirlikdən qaytarır və əsir götürülmüş şəxslərin beynəlxalq hüquqa uyğun saxlanılmasına nəzarət edirik. Eyni zamanda hərbi əsirlərin, itkin düşmüş şəxslərin, girov götürülmüş dinc sakinlərin ailələri ilə kommunikasiyanı, eləcə də əsirlikdən azad edilmiş şəxslərin reabilitasiyasını təşkil edirik. Həmçinin həlak olmuş şəxslərin cəsədlərinin axtarışı, çıxarılması, eyniləşdirilməsi və ləyaqətlə dəfn olunması prosesini həyata keçiririk".
A.Dobroserdov konfransın əhəmiyyətinə də toxunub: "Tədbir çərçivəsində bu məsələləri praktiki müstəvidə müzakirə etməyi və öz təcrübəmizi bölüşməyi planlaşdırırıq. Dünyanın müxtəlif ölkələrindən olan həmkarlarımızla peşəkar əlaqələrin qurulmasına və fikir mübadiləsinə tam hazırıq".