BAKI, 7 oktyabr. TELEQRAF
Azərbaycanda aqrar sahənin hüquqi tənzimlənməsini sistemləşdirmək məqsədilə yeni qanun layihəsi hazırlanıb.
Teleqraf xəbər verir ki bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin payız sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.
Layihə aqrar sahədə fəaliyyətin hüquqi əsaslarının müəyyənləşdirilməsini, bu sahədə dövlət siyasətinin əsas istiqamətlərinin və tənzimləmə mexanizmlərinin formalaşdırılmasını nəzərdə tutur.
Qanun layihəsində kənd təsərrüfatı istehsalı, aqrar fəaliyyətin subyektləri, dövlət dəstəyi və aqrar sahədə tərəflər arasında münasibətlərin hüquqi çərçivəsinin müəyyənləşdirilməsi ilə bağlı müddəaların əks olunması nəzərdə tutulur.
Sənədin qəbul edilməsi aqrar sahədə mövcud hüquqi mexanizmlərin vahid qanun çərçivəsində sistemləşdirilməsinə və bu sahədə dövlət siyasətinin hüquqi əsaslarının gücləndirilməsinə xidmət edə bilər.
Qanun layihəsinin birinci oxunuş üzrə müzakirəsindən sonra deputatların təklif və rəylərinin nəzərə alınması ilə sənədə dəyişikliklərin edilməsi mümkündür.