BAKI, 7 oktyabr. TELEQRAF

"Bosniya və Herseqovinada müharibə zamanı on minlərlə insan itkin düşüb. Axtaran ailə üçün tapılan itkin şəxs sadəcə bir rəqəm deyil".

Teleqraf xəbər verir ki, bu sözləri Bosniya və Herseqovinanın İnsan Hüquqları və Qaçqınlar üzrə naziri Sevlid Hurtiç "Bakı Dialoqu" çərçivəsində keçirilən "İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda IV Beynəlxalq Konfransın panel sessiyasında deyib.

O vurğulayıb ki, itkin düşmüş şəxslər məsələsi siyasi maraqlardan üstün tutulmalıdır:

"Oğlunu gözləyən ana üçün bu, statistika deyil. Valideynini heç vaxt görməmiş uşaq üçün bu, sadəcə həll olunmamış iş deyil, onilliklər boyu davam edən yaradır. Ona görə də itkin düşmüş şəxslər məsələsi keçmişin mövzusu deyil, insan hüquqları, ləyaqət və məsuliyyət məsələsidir. Ailənin itkin düşmüş üzvünün taleyini öyrənmək hüququ siyasi şəraitdən, zamanın keçməsindən və ya dövlətlər arası sərhədlərdən asılı olmamalıdır. Biz itkin düşmüş insanı axtararkən 'bizimki' və ya 'onlarınkı' prinsipi ilə yanaşmırıq, insanı axtarırıq".

S.Hurtiç Bosniya və Herseqovinanın itkin şəxslərin axtarışı və identifikasiyası prosesində əldə etdiyi təcrübəyə də diqqət çəkib: "Regional və beynəlxalq əməkdaşlıq, məhkəmə-tibbi ekspertizalar, DNT analizi və məlumat mübadiləsi bu sahədə həlledici rol oynayır. Lakin texnologiyanın özü kifayət deyil. DNT şəxsiyyəti təsdiqləyə bilər, amma ailəyə ləyaqətini yalnız insaniliyi qorumaqla qaytarmaq mümkündür. Bu səbəbdən müasir texnologiyalara, məlumat bazalarına və mütəxəssislərin hazırlanmasına sərmayə qoymağa davam etməliyik".