BAKI, 6 aprel. TELEQRAF
Çin-Özbəkistan arxeoloqlar qrupu İpək Yolu boyunca 3000 illik qədim şəhər aşkar edib. Şəhər çoxsaylı qiymətli artefaktlarla zəngindir.
Teleqraf xəbər verir ki, bu barədə “Interestingengineering” məlumat yayıb.
Təxminən 10 min kvadratmetr sahəsi olan II Bandixxn arxeoloji kompleksi hələ 1969-cu ildə aşkar edilib və Özbəkistanın cənubundakı Surxandərya bölgəsində, çoxlu qədim kurqanları ilə tanınan Bandixanda yerləşir.
Tətqiqatçılar yalnız yaxın vaxtlarda, 2023-cü ildə şəhərdə qazıntılara başlayıblar. Araşdırmaya görə, şəhər əfsanəvi İpək Yolu üzərində mühüm mərkəzlərdən biri olub.
Arxeoloqlar qazıntılar zamanı şəhərin şərq divarının qalıqlarını, çoxsaylı tikililər və otaqlar, eləcə də çoxsaylı artefaktlar tapıblar. Qədim şəhərin yalnız şərq hissəsində 300 kvadratmetr ərazi tədqiq edilib. Amma artıq təsdiqlənib ki, bura Bandixanda ən böyük və ən yaxşı qorunmuş yaşayış məskənidir, onun əsası erkən dəmir dövrünə gedib çıxır.
Yaxşı qorunmuş şərq divarı trapetsiya formalı kəsiyə malikdir. Alimlər şəhərin daxilində gündəlik həyatın detallı mənzərəsini, o cümlədən bir-biri ilə əlaqəli beş otağı üzə çıxarıblar. Bunlardan biri yataq otağıdır, içərisində lampa qoymaq üçün yer də aşkarlanıb. Bu nəticə divarın iç səthində çoxsaylı yanma izləri ilə əldə edilib.
Tapılan artefaktlar arasında qab-qacaq qalıqları, küplər, kasalar və boşqablar var. Bu əşyaların forması və bəzəyi Yaz mədəniyyətinə aid digər arxeoloji abidələrdə tapılanlarla uyğun gəlir.
Aşkar edilmiş daş alətlər - əl dəyirmanları, həvəngdəstə, toxmaqlar və digərləri burada taxılın yerində emal edildiyini göstərir. Bundan əlavə, bürünc bıçaqlar, ox ucluqları və balıqqulağı da tapılıb.
Qədim İpək yolu şəhərində aparılan ilk qazıntılar təsiredici nəticələr verib, gələcək tədqiqatlara marağı artırıb. Tədqiqatçılar işi genişləndirməyi planlaşdırırlar.