![](https://teleqraf.az/storage/2025/02/12/715x378/_.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Beynəlxalq alimlər qrupu ortayaşlı insanlar arasında tanışlıq proqramlarının istifadəsində ciddi gender fərqinin olduğunu aşkarlayıb.
Teleqraf xəbər verir ki, araşdrımanı "International Journal of Clinical and Health Psychology" dərc edib.
Məlum olub ki, 25-50 yaşlı kişilər qadınlarla müqayisədə tanışlıq xidmətlərindən daha fəal istifadə edirlər: onlar bir anda bir neçə ərizə ilə qeydiyyatdan keçirlər, kişilər qadınlardan daha uzun istifadə tarixçəsinə malikdirlər, hər gün bu cür saytlarda daha çox vaxt keçirirlər. Məqsəd çox zaman təsadüfi cinsi əlaqə üçün partnyor tapmaq olur.
Tədqiqatçılar orta yaşı 38 olan 298 tanışlıq proqramı istifadəçisinin davranışını araşdırıblar. Bütün iştirakçılar tədqiqat başlamazdan əvvəl üç ay ərzində bu proqramlardan fəal şəkildə istifadə ediblər.
Respondentlər hansı tanışlıq proqramlarından istifadə etdiklərini, onlardan nə qədər müddət və nə qədər tez-tez istifadə etdiklərini, həmçinin əsas məqsədlərini (ciddi münasibət, dostluq və ya cinsi əlaqə üçün partnyor axtarışı) bildiriblər.
Məlum olub ki, kişilər nəinki tanışlıq proqramlarından daha uzun müddət istifadə edir və gün ərzində daha tez-tez daxil olurlar, həm də qadınlardan daha çox platformaya üzv olurlar. Bundan əlavə, təsadüfi partnyor tapmaq üçün proqramlardan istifadə edənlərin sayı daha çox olub.
Tədqiqatın müəllifləri vurğulayıblar ki, tanışlıq proqramlarından istifadə edərkən kişilərin və qadınların davranışındakı fərqi başa düşmək məsuliyyətli və təhlükəsiz istifadə üçün strategiyaların hazırlanmasına kömək edə bilər. Bu, onlayn tanışlıqla bağlı potensial risklərin qarşısının alınması kontekstində xüsusilə vacibdir.