![](https://teleqraf.az/storage/2025/02/07/715x378/paradise-bay-antarctica.jpg)
BAKI, 7 fevral. TELEQRAF.
Antarktika buzlaqları buz qatının altında şirin su çaylarının olması səbəbindən materikdən okeana doğru sürüşür.
Teleqraf xəbər verir ki, bu barədə “Live Science” elmi jurnalı yeni araşdırmanın nəticələrinə istinadla məlumat yayıb.
Alimlər Antarktikanın qalın buz təbəqəsi altında suyun necə axdığını öyrənmək üçün kompüter modelləşdirmə metodundan istifadə ediblər. Araşdırma artıq məlum olan faktları təsdiqləyib və yenilərini üzə çıxarıb.
Tədqiqat buzlaq və materikin əsas süxurları arasında maye suların olmasına və bu səbəbdən Antarktika buzlaqlarının okeana daha sürətli sürüşməsi iddiasına əsaslanır. Bu axar sular “sürtkü yağları” kimi çıxış edir və buzlaqların sürüşməsini sürətləndirir. Amma sürüşmənin dərəcəsi hər yerdə eyni deyil, bu, buzun ağırlığı, gövdəsinin dərinliyi və altındakı suyun təzyiqindən asılıdır.
Kompüter modelləşdirməsi göstərir ki, buzun sürüşməsi üçün ən əlverişli şərait materikin daxili hissəsində, eləcə də buz təbəqəsinin kənarı boyunca çıxan buzlaqların altındadır. Buzlaqların ən sürətlə hərəkət etdikləri və okeana axıdıldıqları yerlər buralardır.
Həmçinin elm adamları buz qatının altında daha böyük su kanalları və ya çayların olmasını proqnozlaşdırırlar. Bu, materikin bəzi yerlərində buzlaqların sürətlə əriməsi durumuna uyğun gəlir.