![](https://teleqraf.az/storage/2025/02/07/715x378/akula3.jpg)
BAKI, 7 fevral. TELEQRAF
Dünən Maldiv adaları yaxınlığında rus turist qadın köpək balıqlarının hücumuna məruz qalıb.
Teleqraf xəbər verir ki, yırtıcı balıq qadının əlini dişləsə də, xoşbəxtlikdən, hər şey elə bununla da ötüşüb.
Fövqəladə hadisə bələdçinin müşayiəti ilə keçirilən tur zamanı baş verib. On iki nəfərlik qrupla açıq dənizə üzməyə gedən turist köpək balığı ilə şəkil çəkdirmək istəyib. Lakin elə bu anda yırtıcı onun üzərinə hücum edib.
Turist özünü itirib və əl-qol hərəkətləri edib, nəticədə köpək balığını əsəbiləşdirib.
Daha əvvəl isə Avstraliyanın Brisben şəhərinin şimalında sahildə üzən yeniyetmə qız köpəkbalığının hücumu nəticəsində həyatını itirmişdi.
Köpək balıqları üzrə ekspert Pyotr Britanov bildirib ki, köpək balığının hücumundan qorunmaq üçün turistlər tək üzməməyə çalışmalıdırlar: "Yırtıcı adamı tək görəndə onu zəif potensial yem kimi görür, düşünür ki, o, taqətsizdir, "sürüdən" aralı düşüb və ya xəstədir. Demək ki, qurban heç bir müqavimət göstərməyəcək".
Ekspertin sözlərinə görə, dənizə yalnız nəzarət atlında baş vurmaq olar. Bundan başqa, üzgüçünün üzərində xüsusi qurğular, o cümlədən köpək balığını qorxuda biləcək avadanlıq olmaldır.