BAKI, 15 iyul. TELEQRAF
2026-ci ilin ikinci yarısında “Yelo Bank”ın aktivləri azalıb.
Teleqraf bankın maliyyə hesabatına istinadən xəbər verir ki, ilin əvvəli ilə müqayisədə bankın aktivləri 40 milyon 250 min manat azalaraq 1 milyard 515 milyon 245.64 min manatdan 1 milyard 474 milyon 995.21 min manata düşüb.
Aktivlərin 2,66% azalması bankın balansının kiçildiyini göstərir. Belə ki, bankın aktivlərinin azalmasında banklar və digər maliyyə institutlarındakı depozitlərin, eləcə də ticarət və investisiya qiymətli kağızlarının və qeyri-maddi aktivlərinin azalması rol oynayıb.
İlin altı ayında "Yelo Bank"ın banklar və digər maliyyə institutlarındakı depozitlərinin həcmi ilin əvvəli ilə müqayisədə 95.56% azalaraq 175 milyon 589 min manatdan 7 milyon 788 min manata düşüb.
Hesabat dövründə müştərilərə verilən kreditlər cüzi artaraq 1 milyard 107 milyon (1 milyard 89 milyon manat) manat təşkil edib. Fiziki şəxslərə kredit verlişini azaldan bank əvəzində şirkətlərə borc ayırmalarını artırıb.
6 ayda bankın istehlak kreditləri üzrə portfeli 313 milyon 994 min manat ( ilin əvvəlində 317 milyon 394 min manat ), biznes kreditləri üzrə portfeli isə 687 milyon 178 min manat (ilin əvvəlində 673 milyon 586 min manat) olub.
Kreditlər artsa da, gəlirlik aşağı düşüb
Qeyd etdiyimiz kimi, bank hesabat dövründə müştərilərə kredit ayırmalarını cüzi artıraraq 1 milyard 107 milyon manata çatdırıb. Kreditləşmənin artması faiz gəlirlərinin yüksəlməsinə (müştərilərə verilən kreditlərdən 94 milyon 834 min manat faiz gəliri götürülüb) təsir göstərsə də, maliyyə qurumunun gəlirliliyi azalıb.
Vaxtı keçən kreditlərin həcmi 2,9 milyon manat artıb
Bankda 1 ildən artıq müddətə vaxtı keçən kreditlərin həcmi 20 milyon 414 min manata çatıb. Bu portfeldə əsas pay biznes kreditlərinə düşür – 13 milyon 124 min manat. Xatırladaq ki, cari ilin birinci rübündə 1 ildən artıq vaxtı keçən kreditlərin həcmi17 milyon 429 min manat təşkil edirdi. Bunun 11 milyon 388 min manatı biznes kreditlərinin payına düşürdü. Beləliklə, 3 ayda vaxtı keçən kreditlərin həcmi 2,9 milyon manat artıb.
Bankın maliyyələşmə mənbələri daralıb
Göstərilən dövrdə "Yelo Bank"ın öhdəlikləri 4% azalıb. Öhdəliklərin azalması bankın maliyyələşmə mənbələrinin daralması hesabına baş verib. Bankın ilin əvvəlindəki 1 milyard 94 milyon 325 min manatlıq depozit hesabı 6 ayda 1 milyard 39 milyon 161 min manata düşüb- 5% azalma. Fiziki şəxslərin əmanətləri ilin əvvəli ilə müqayisədə 3,31 faiz azalaraq 899 milyon 763 min manat, hüquqi şəxslərin depozitləri isə 14,9 faiz azalaraq 139 milyon 398 min manat təşkil edib.
Əvəzində “Yelo Bank” Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklərini artırıb. Bankın bölüşdürülməmiş mənfəəti 5,9% azalaraq ilin əvvəlindəki 213 milyon 677 min manatdan 201 milyon 73 min manata düşüb. Hesabat dövründə “Yelo Bank”ın cəmi öhdəlikləri və kapitalında 2,66% azalma qeydə alınıb. Belə ki, cəmi öhdəliklər və kapital 1 milyard 515 milyon 245 min manatdan 1 milyard 474 milyon 995 min manata düşüb.
Depozit portfeli kiçilsə də, faiz xərcləri 44,6% artıb
Bankın faiz xərcləri isə ötən ilin eyni dövrü ilə müqayisədə 11 milyon 833 min manat və ya 41,1 faiz artaraq 40 milyon 624 min manata yüksəlib. Depozitlər üzrə faiz xərcləri 44,64 % artaraq 38 milyon 170 min manat təşkil edib. Bu iki göstərici bank üçün "mənfi siqnal" hesab oluna bilər. Depozit portfelinin kiçildiyi halda faiz xərclərinin 44,6% artması maliyyə qurumunun qalan depozitləri saxlamaq, o cümlədən yeni vəsait cəlb etmək üçün daha yüksək faiz ödəməsi, daha bahalı maliyyələşmə mənbələrindən istifadə etməsi ilə nəticələndiyini göstərir.
Qeyri-faiz gəlirləri azalıb, xərcləri artıb
"Yelo Bank"ın qeyri-faiz gəlirləri illik müqayisədə 3 milyon 80 min manat və ya 37,6 faiz azalaraq 5 milyon 117 min manata düşüb. Haqq və komissiya gəlirləri 8 faiz azalaraq 4 milyon 864 min manat təşkil edib. Xarici valyuta əməliyyatlarından ötən ilin ilk yarısında 2 milyon 416 min manat gəlir əldə edildiyi halda, cari dövrü 15 min manat zərərlə başa vurub.
Maliyyə qurumunun qeyri-faiz xərclərində isə artım baş verib- 4,8% . Əgər ötən ilin eyni dövründə “Yelo Bank”ın qeyri-faiz xərcləri 41 milyon 811 min manat idisə, bu ilin 6 ayında 43 milyon 829 min manat təşkil edib.
Bankın mənfəətində 30,4% azalma qeydə alınıb
Bütün bu göstəricilər bankın mənfəət marjasına təzyiq yaradıb. Hesabat dövründə "Yelo Bank"ın xalis əməliyyat mənfəəti 1,9 faiz azalaraq 19 milyon 461 min manat olub. Mənfəət vergisindən əvvəlki mənfəəti 6 ayda 22 milyon 702 min manatdan 15 milyon 803 manata düşüb. Bu da 30,4 % azalma deməkdir.
Beləliklə, ASC 2026-cı ilin ilk yarısını 12 milyon 604 min manat xalis mənfəətlə başa vurub. "Yelo Bank" 2025-ci ilin eyni dövründə 19 milyon 702 min manat xalis mənfəət əldə etmişdi. Nəticə etibarilə bankın xalis mənfəəti 7 milyon 98 min manat və ya 36% azalıb.