BAKI, 4 noyabr. TELEQRAF
Dünya mərkəzi bankları 2026-cı ilin sentyabrında 61 ton qızıl alıb. Bu, 2026-cı il üzrə ən yüksək aylıq göstəricidir.
Teleqraf xəbər verir ki, bu barədə Dünya Qızıl Şurasının (WGC) hesabatında bildirilib.
Sənədə əsasən, ilin əvvəlindən mərkəzi banklar ümumilikdə 228 ton xalis qızıl alışı həyata keçiriblər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7% azdır.
Sentyabrda ən fəal qızıl alıcıları Polşa və Çin olub. Belə ki, Polşa Mərkəzi Bankı qızıl ehtiyatlarını 25 ton, Çin Mərkəzi Bankı isə 23 ton artırıb. Digər alıcılar sırasında Özbəkistan (7 ton), Qazaxıstan (5 ton), İordaniya (4 ton), Çexiya (2 ton) və Boliviya (1 ton) yer alıb.
2026-cı ilin yanvar-sentyabr aylarında Polşanın qızıl ehtiyatları 123 tona bərabər olub. Çin isə ilin əvvəlindən indiyədək 103 ton qızıl alıb.
İlin ilk doqquz ayında Özbəkistan, Qazaxıstan, Çexiya, Sinqapur və Çilinin hər birinin mərkəzi bankı tərəfindən həyata keçirilən xalis qızıl alışının həcmi 10 tonu ötüb.
Bununla yanaşı, hesabat ayında ən böyük qızıl satıcısı Rusiya olub. Ölkə sentyabr ayında 6 ton qızıl satıb.
WGC-nin hesabatında, həmçinin qeyd olunub ki, Türkiyə ilin əvvəlindən bəri 82 ton xalis qızıl satışı ilə ən böyük satıcısı olaraq qalır. Satışların əsas hissəsi birinci rübdə həyata keçirilib, sonrakı iki rübdə isə bu istiqamətdə aktivlik əhəmiyyətli dərəcədə azalıb.
Bundan başqa, Rusiya da ilin əvvəlindən xalis qızıl satışı həyata keçirib. Ölkənin xalis satışlarının həcmi 62 ton təşkil edib və bu tendensiya ardıcıl 9 aydır davam edir.