BAKI, 5 noyabr. TELEQRAF

2027-ci ilin dövlət büdcəsinin layihəsində ƏƏSMN-nin fəaliyyət istiqamətləri üzrə əhaliyə ödənişlərin, həssas kateqoriyadan olan əhali üzrə tibbi sığorta xərclərinin, habelə haqqı ödənilən ictimai işlərin maliyyələşdirilməsi üçün 5 milyard 503 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisdə Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin burgə iclasında deyib.

O bildirib ki, dövlət büdcəsi layihəsində müavinət, təqaüd və kompensasiyalar istiqaməti üzrə ümumilikdə 2 milyard 200 milyon manat vəsait proqnozlaşdırılır:

“Növbəti il ərzində aztəminatlı ailələrə dəstək məqsədilə ünvanlı dövlət sosial yardımı üzrə 470 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Eyni zamanda, sığorta-pensiya sistemində dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi məqsədilə 1 milyard 600 milyon manat vəsait nəzərdə tutulub.
İcbari tibbi sığorta çərçivəsində dövlət büdcəsinin vəsaiti hesabına ödənilən sığorta haqları üçün gələn ilin dövlət büdcəsində 1 milyard 100 milyon manat vəsaitin ayrılması planlaşdırılıb.
Həmçinin, işsiz şəxslərin sosial müdafiəsi məqsədilə icra olunan haqqı ödənilən ictimai işlərin maliyyələşdirilməsi bloku üzrə növbəti ilin büdcəsində 133,5 milyon manat vəsait nəzərdə tutulur”.