Növbəti ilin büdcəsinin təhlili zamanı görmək olur ki, neftdən asılılıq davamlı şəkildə azalır. İcmal büdcənin qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi növbəti il üçün 17,1% həcmində proqnozlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisdə Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deyib.
O qeyd edib ki, bu, 2026-cı illə müqayisədə 1,7 faiz bəndi azdır:
“Qeyd etmək istərdim ki, bu göstərici fiskal qayda tətbiq olunandan ən yaxşı göstəricidir. 2029-cu il üçün hədəfimiz 13%, 2030-cu ilə isə bu göstəricinin 12%-ə çatdırılmasını hədəfləyirik, proqnozlaşdırırıq.
Cari xərclərin qeyri-neft gəlirləri ilə örtülmə nisbəti 90,1% təşkil edəcəkdir ki, bu da cari illə müqayisədə 2,1 faiz bəndi çoxdur. 2030-cu ilə hədəfimiz isə ümumilikdə bütün cari xərclərin qeyri-neft gəlirləri hesabına tam şəkildə bağlanılmasıdır.
İcmal büdcədə qeyri-neft gəlirlərinin payı növbəti il üçün 64,5%-ə çatır. Bu da cari illə müqayisədə 1,5 faiz bəndi çoxdur. Həmin göstəricinin 2030-cu ilə 70,4%-ə çatdırılması nəzərdə tutulur”.