2027-ci il üçün Dövlət Vergi Xidmətinin xətti ilə 18,4 milyard manat, Dövlət Gömrük Komitəsinin xətti ilə isə 6,9 milyard manat büdcə gəlirləri təmin olunacaq.

Teleqraf xəbər verir ki, bu barədə maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisdə Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deyib.

O qeyd edib ki, növbəti il üçün Dövlət Neft Fondundan transfertin həcmi 11,9 milyard manat proqnozlaşdırılır:

“Bu, 2026-cı illə müqayisədə 935 milyon manat və ya 7,3% azdır. Qeyd edim ki, davamlı şəkildə Dövlət Neft Fondundan edilən transfertlərin həcmi azaldılır və orta müddətli dövrdə həmin transfertin həcminin 5,5 milyard manata endirilməsi nəzərdə tutulur.
Növbəti il üçün dividendlərdən daxilolmalar 872 milyon manat, büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə daxilolmalar 949 milyon manat, sair gəlirlər isə 484 milyon manat həcmində proqnozlaşdırılıb.
Növbəti il üçün dövlət büdcəsinin xərcləri isə 42,4 milyard manat həcmində proqnozlaşdırılıb. Qeyd edim ki, dövlət büdcəsi xərclərinin cari illə münasibətdə 696,4 milyon manat və ya 1,7% artım müşahidə olunur”.