BAKI, 5 noyabr. TELEQRAF

2027-ci ildə İşsizlikdən Sığorta Fondunun gəlirləri 268,9 milyon manat həcmində nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisdə Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deyib.

Nazir qeyd edib ki, bu göstərici 2026-cı ilin təsdiqlənmiş göstəricisindən 30,6 milyon manat və ya 12,8% çoxdur:

“İşsizlikdən Sığorta Fondunun gəlirləri işsizlikdən sığorta haqları hesabına formalaşır ki, 2026-cı ilin təsdiq edilmiş göstəricisinə nisbətdə 2027-ci il üçün sığorta haqları üzrə daxilolma 30,6 milyon manat və ya 12,9% çox proqnoz edilib.
Sığorta haqları üzrə yığımın 77,7%-i qeyri-büdcə sektorunun payına düşəcək.
Fondun əvvəlki illərdə istifadə olunmamış vəsaitindən 50,3 milyon manat məbləğində vəsaitin 2027-ci ilin xərclərinə yönəldilməsi nəzərdə tutulur”.