BAKI, 6 noyabr. TELEQRAF

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu karyerasını başa vurduqdan sonra İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi və ya sahibi olmaq istəyə bilər.

Teleqraf xəbər verir ki, bu barədə futbolçunun keçmiş fiziki hazırlıq məşqçisi Mik Kleqq “Manchester Evening News” nəşrinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ronaldu məşqçilik fəaliyyətinə başlamaqda maraqlı ola bilər.

“Düşünürəm ki, o, özünü baş məşqçi kimi sınamaq istəyər. Ronaldu məşqçilərin işini uzun müddət müşahidə edib, onların qarşılaşdıqları problemləri görüb. Kimin yaxşı, kimin pis məşqçi olduğunu bilir. O, fərqli məşqçi olardı, çünki açıqfikirlidir və başqalarının fikirlərini dinləməyi bacarır”, – Kleqq deyib.

Keçmiş məşqçi Ronaldunun “Mançester Yunayted”ə rəhbərlik etmək arzusunda ola biləcəyini də vurğulayıb:

“Məncə, o, məmnuniyyətlə bu klubun baş məşqçisi və ya sahibi olardı. Ronaldu həmişə gələcəyini planlaşdırır. O, hadisələrin öz-özünə baş verməsini gözləyən insanlardan deyil”.

Qeyd edək ki, 41 yaşlı Ronaldo 2003–2009 və 2021–2022-ci illərdə “Mançester Yunayted”də çıxış edib. İngiltərə təmsilçisinin heyətində üç dəfə ölkə çempionu olub və 2008-ci ildə Çempionlar Liqasının qalibi adını qazanıb.

Beşqat “Qızıl top” mükafatçısı 2022-ci ilin dekabrından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir.

Xatırladaq ki, Ronaldu noyabrın 5-də Portuqaliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb.