BAKI, 5 noyabr. TELEQRAF

Növbəti il üçün müavinət və təqaüd xərclərinin maliyyələşdirilməsinə dövlət büdcəsindən 2,2 milyard manat vəsait nəzərdə tutulub.

Teleqraf xəbər verir ki, bu barədə maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisdə Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deyib.

O qeyd edib ki, ünvanlı dövlət sosial yardımının maliyyələşdirilməsinə 470 milyon manat, Dövlət Sosial Müdafiə Fonduna dövlət öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait 1,6 milyard manat həcmində olacaq:

“Sosial müdafiə və sosial təminat xərcləri növbəti il üçün 4,9 milyard manat həcmində proqnozlaşdırılıb. Bu da ümumi büdcə xərclərinin 11,6%-i həcmindədir. 2025-ci illə müqayisədə burada 360 milyon manatlıq və yaxud 7,9%-lik bir artım var. 23–27-ci illərdə bu istiqamətdə xərclərimiz 632 milyon manat və yaxud 14,8% artıb. İcmal sosial təminat xərclərimiz isə növbəti il üçün 12,9 milyard manat təşkil edir. Bu, 2025-ci illə müqayisədə 2,2 milyard manat və yaxud 21% daha çoxdur. 23–27-ci illərdə icmal sosial təminat xərclərimizdə ümumilikdə 42% və yaxud 3,8 milyardlıq bir artım var”.