BAKI, 6 noyabr. TELEQRAF
ABŞ-nin Kaliforniya ştatının qubernatoru Qevin Nyusom ölüm cəzasına məhkum edilmiş bütün şəxslərin cəzalarının şərti azadlığa buraxılma hüququ olmadan ömürlük həbslə əvəz edilməsi barədə qərar qəbul etdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə qubernator açıq məktubunda bildirib.
“Konstitusiyanın mənə verdiyi əfv səlahiyyətindən istifadə edərək Kaliforniyada bütün ölüm hökmlərini şərti azadlığa buraxılma hüququ olmadan ömürlük həbslə əvəz etmək qərarına gəldim. Bu addımı ona görə atıram ki, dövlət tərəfindən həyata keçirilən edamların Kaliforniyanın dəyərlərinə zidd olduğuna qəti şəkildə inanıram”, – Nyusom vurğulayıb.
Qubernator təxminən 30 ildir ölüm cəzasına qarşı çıxdığını qeyd edib.
Onun sözlərinə görə, hazırda Kaliforniyada ölüm hökmünün icrasını gözləyən 548 məhkum var. Nyusom bildirib ki, bu, Qərb yarımkürəsində ən yüksək göstəricidir.