BAKI, 5 noyabr. TELEQRAF
2027-ci il üçün büdcənin təhlili göstərir ki, regionların dövlət büdcəsindən asılılığı azalıb.
Teleqraf xəbər verir ki, bu barədə maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisdə Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deyib.
Nazir müavini qeyd edib ki, növbəti il üzrə ümumiyyətlə dotasiyadan asılı olan rayon qalmayıb:
“Bütün rayonlar öz gəlirləri hesabına öz xərclərini tam şəkildə təmin edəcək. Eyni zamanda Naxçıvana dövlət büdcəsindən ayrılan dotasiyanın həcmində (198 milyon manat) cari illə müqayisədə 13,6 milyon manat və ya 6,4%-lik azalma var. Bu da Naxçıvanın öz gəlirlərinin artırılması hesabına xərclərinin qarşılanması ilə bağlıdır.
2027-ci ildə İcmal büdcənin gəlirləri növbəti il üçün 47,6 milyard manat təşkil edir ki, cari illə müqayisədə bu, 2,6 milyard manat və ya 5,9% çoxdur. İcmal büdcənin gəlirlərinin ÜDM-də payı növbəti il üçün 33,8% təşkil edəcək. İcmal büdcədə qeyri-neft gəlirlərinin payı isə 64,5% həcmində proqnozlaşdırılıb”