BAKI, 20 oktyabr. TELEQRAF

Avropa İttifaqının (Aİ) energetika nazirləri Macarıstan və Slovakiyanın etirazlarına baxmayaraq, Rusiyadan qaz tədarükünə tam qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsini bu gün təsdiq edə bilərlər.

Teleqraf TASS-a istinadən xəbər verir ki, bu barədə Avropanın “Politico” qəzeti məlumat yayıb.

"Macarıstan və Slovakiya enerji mənbələrinin şaxələndirilməsi istiqamətində kifayət qədər addım atmayıblar", – deyə Avropa diplomatlardan biri qəzetə açıqlamasında deyib.

Neft-qaz sahəsi üzrə ekspertlər isə bildiriblər ki, bu qərar orta müddətli perspektivdə enerji daşıyıcılarının qiymətinin 5-10 faiz artmasına səbəb olacaq. Daha əvvəl Macarıstan və Slovakiya bu qanun layihəsinin hər iki ölkənin enerji təhlükəsizliyini sarsıtdığını bəyan etmişdi. Macarıstanın xarici işlər naziri Peter Siyyarto isə bu qərarı ölkənin enerji təhlükəsizliyinə “birbaşa hücum” adlandırmışdı.

Qeyd edək ki, Macarıstan, Slovakiya və Avstriya kimi ölkələrin müqavimətinə baxmayaraq, bu sənədin təsdiqi Avropa Komissiyası tərəfindən Aİ-nin ticarət siyasəti çərçivəsində təqdim olunduğu üçün ixtisaslaşdırılmış çoxluq səsverməsi ilə həyata keçirilir. Bu sahədə Aİ Şurasında üzv dövlətlərin veto hüququ artıq ləğv edilib. Bu, sanksiyalar da daxil olmaqla yalnız yekdilliklə qəbul edilən xarici siyasət qərarlarından fərqlənir.