BAKI, 7 noyabr. TELEQRAF
“Yaxşı çıxış edən futbolçuya təkliflərin gəlməsi təbiidir. Breno Almeyda çox uğurlu mövsüm keçirir və bombardirlər yarışında liderlərdəndir. Lakin indi əsas məsələ transfer deyil, hədəfimiz mövsümü çempionluqla başa vurmaqdır”.
Teleqraf xəbər verir ki, bunu Misli Premyer Liqasının XI turunda baş tutan "Neftçi" – "Kəpəz" (1:0) matçından sonra paytaxt klubunun baş icraçı direktoru Cenk Sümer jurnalistlərə açıqlamasında deyib.
Klub rəsmisi braziliyalı hücumçuya rəsmi təkliflərin olması barədə sualı cavablandırıb:
“Breno Almeyda üçün Kiprdən təkliflər almışıq, amma o bura Kiprdən gəlib. Yenidən ora qayıtması inandırıcı görünmür. Yaxşı oynayan futbolçuya təklif gələcək. O, çox yaxşı mövsüm keçirir və bombardirlik yarışında zirvəyə doğru irəliləyir. Biz də elə bu qolları vursun deyə onu transfer etmişdik. Bu baxımdan onun və digər oyunçularımız üçün belə xəbərlərin çıxması təbiidir”.
Cenk Sümer əsas diqqətin çempionluğa yönəldiyini vurğulayıb:
“İndiki məqamda vacib olan hədəfimiz çempionatın sonunadək getmək və qalib olmaqdır. Klubumuzun 90 illiyinə yaraşan şəkildə mövsümü çempion kimi başa vurmaq, kubokları qazanmaq istəyirik”.