BAKI, 7 noyabr. TELEQRAF
Türkiyə Rusiyadan təbii qaz idxalını yüksək qiymətlər səbəbindən azaldır, lakin Moskva ilə enerji ticarətini dayandırmaq niyyətində deyil.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar İstanbulda çıxışı zamanı bildirib.
“Bu, siyasi deyil, qiymətlə bağlı məsələdir. Rusiya qazı çox bahadır. Qiymətlər həddindən artıq yüksək olduğuna görə alternativ axtarmaqdan başqa seçimimiz qalmır. Ya alternativ qaz kəmərləri, daha ucuz və rəqabətədavamlı qaz, ya da başqa yanacaq növləri tapmalıyıq”, – nazir bildirib.
Bayraktar vurğulayıb ki, Ankara Rusiya qazından tamamilə imtina etməyi planlaşdırmır. Bununla belə, daha ucuz alternativlərə keçid tendensiyasının növbəti illərdə də davam edə biləcəyini istisna etməyib.
“Türkiye Today” nəşrinin məlumatına görə, 2025-ci ilin əvvəlində Türkiyənin qaz idxalında Rusiyanın payı təxminən 37 faizə enib. Azərbaycanın payı isə 22 faizə çatıb. ABŞ-dan mayeləşdirilmiş təbii qaz idxalı da artaraq ümumi idxalın təxminən 16 faizini təşkil edib.