BAKI, 6 noyabr. TELEQRAF
“Qələbə qazanacağımıza inanırdıq və bunun üçün çalışdıq. Təəssüf ki, istəyimizə çatmadıq”.
Teleqraf xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Musa Qurbanlı Azərbaycan Premyer Liqasının XI turunda “Turan Tovuz”a 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, rəqibin güclü olduğunu və qarşılaşmanın çətin keçəcəyini əvvəlcədən bildiklərini söyləyib:
“Rəqibin gücünü bilirdik. Son zamanlar yaxşı formadadır. Turnir cədvəlinin ilk pillələrində qərarlaşan komandaların demək olar ki, hamısını məğlub ediblər. “Neftçi” ilə heç-heçə etmiş, “Zirə” və “Sabah”ı udmuşdular. Ona görə də bizi çətin oyunun gözlədiyini bilirdik. Bununla belə, qələbə qazanacağımıza inanırdıq və bunun üçün çalışdıq. Təəssüf ki, istəyimizə çatmadıq”.
Musa Qurbanlı xal itkilərinə baxmayaraq, çempionluq hədəfindən əl çəkməyəcəklərini vurğulayıb:
“Çempionatın əvvəldən gərgin keçəcəyi bəlli idi. Çempionluğa oynayan komandaların sayı artıb. Rəqiblərimiz güclüdür. Ona görə də asan olmayacağını bilirdik. Yenə də çalışacağıq ki, vəziyyətdən çıxaq. Əlbəttə, hədəfimiz çempionluqdur. Xal itkiləri ilə işimizi bir qədər çətinə salmışıq. Amma yenə də sona qədər mübarizə aparacağıq və məqsədimizdən əl çəkməyəcəyik. Hər oyuna qələbə qazanmaq üçün çıxırıq və bunun üçün əlimizdən gələni edirik”.
Komandanın qol vura bilməməsinə də münasibət bildirən hücumçu problemin aradan qaldırılması üçün çalışacaqlarını qeyd edib:
“Yəqin ki, nələrsə çatışmır ki, qol vura bilmirik. Məşqçilər heyəti bu istiqamətdə üzərimizdə çalışacaq. İnanıram ki, vəziyyəti düzəltməyə nail olacağıq”.
Qurbanlı son dörd oyunda yaşanan xal itkilərinin səbəbini açıqlamağın çətin olduğunu deyib:
“Hazırda konkret bir səbəb göstərmək çətindir. Bu məsələyə məşqçilər heyəti daha yaxşı qiymət verə bilər. Düşünürəm ki, məşqçilərimiz bu istiqamətdə çalışacaqlar. Hamımız səhvlərimizdən nəticə çıxarmalıyıq”.