BAKI, 6 noyabr. TELEQRAF
Uşaqa qulluğa görə müavinət almaq üçün sosial sığorta stajı tələbi müəyyənləşdiriləcək
Əmək Məcəlləsinə təklif edilən dəyişikliklə uşaqa qulluğa görə müavinətin alınması hüququnun tənzimlənməsi nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev Milli Məclisdə keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
O bildirib ki, təklif olunan dəyişiklik sosial sığorta sistemində vahid hüquqi yanaşmanın formalaşdırılmasına xidmət edir:
“Mövcud qanunvericiliyə əsasən, hamiləliyə və doğuma görə müavinət almaq üçün ən azı 6 aylıq sosial sığorta stajı tələb olunduğu halda, uşaqa qulluğa görə müavinətin təyin edilməsi üçün belə bir tələb nəzərdə tutulmayıb.
Bu fərq sosial sığorta sistemində vahid yanaşmanın təmin edilməsini zəruri edir. Dəyişikliyin məqsədi müavinətin təyin olunması qaydalarını vahidləşdirmək, mümkün sui-istifadə hallarını azaltmaq və sosial sığorta sisteminin maliyyə dayanıqlığını qorumaqdır”.
O vurğulayıb ki, təklif olunan tənzimləmə uyğunlaşdırma xarakteri daşıyır.