BAKI, 6 noyabr. TELEQRAF
ABŞ-də Hellouin bayramında uşaqlara narkotik tərkibli konfet paylayan iki nəfər saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin “NBC7” telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə Kaliforniya ştatının San-Dieqo şəhərində baş verib. Hellouin bayramı zamanı təxminən 15 azyaşlı evlərdən birinin eyvanında qoyulmuş narkotik tərkibli saqqız-konfet paketlərini götürüb.
Telekanalın məlumatına görə, uşaqların valideynləri konfet paketlərində şübhəli məqamlar aşkar edərək onların içərisində qadağan olunmuş maddələrin ola biləcəyindən şübhələniblər.
Araşdırma çərçivəsində polis 80 və 45 yaşlı iki kişini saxlayıb. Onların yaşadığı evdə axtarış aparılıb. Nəticədə silah və narkotik maddələr aşkarlanaraq götürülüb.
Hüquq-mühafizə orqanları, həmçinin Hellouin zamanı uşaqlara paylanan konfetlərlə eyni olan narkotik tərkibli saqqız-konfet paketi də aşkar edib.