BAKI, 6 noyabr. TELEQRAF
Azərbaycanda gələn ildən əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəz olunmasının qadağa edilməsi təklif olunur.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev Milli Məclisdə keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
O qeyd edib ki, əmək müqaviləsi ilə çalışan şəxslər il ərzində 21 təqvim günü ilə ödənişli məzuniyyətə çıxırlar:
“Hazırkı qanunvericilikdə istifadə olunan əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəz edilməsi imkanı mövcuddur. Lakin Beynəlxalq Əmək Təşkilatının ölkəmizdə ratifikasiya etdiyi 132 saylı konvensiyayə əsasən minimum illik məzuniyyət əmək münasibətlərinin davam etdiyi müddətdə pul kompensasiyası ilə əvəz edilməməlidir. Qeyd olunan beynəlxalq əmək standartına uyğunluğun təmin edilməsi məqsədilə əmək məcəlləsinin dəyişiklik edilməsi və 21 təqvim günü müddətində əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəz olunmasının qadağan edilməsi təklif olunur. Əmək müqaviləsi xitam verilərkən istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi isə istisna olaraq saxlanılır. Həmçinin əmək məzuniyyətin başqa vaxta keçirilməsi hüquqi əsasları və tətbiq qaydalarının dəqiqləşdirilməsi təklif olunur”.