BAKI, 6 noyabr. TELEQRAF

Astara rayonunun Bala Şahağac və Qamışoba kəndlərində içməli su təchizatının yaxşılaşdırılması istiqamətində yeni layihə həyata keçirilib.

Teleqraf xəbər verir ki, layihənin açılış mərasimi Bala Şahağac kəndində keçirilib.

Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədrinin müavini İlqar Gülməmmədov, sədrin müşaviri Zakir Quliyev, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Regional Su Meliorasiya QSC-nin icraçı direktoru Elçin Məmmədov, Agentliyin nümayəndələri, rayon ictimaiyyətinin təmsilçiləri və kənd sakinləri iştirak ediblər.

Çıxışlarda regionlarda əhalinin içməli və suvarma suyu ilə təminatının yaxşılaşdırılmasının prioritet istiqamətlərdən biri olduğu vurğulanıb. Bildirilib ki, bu sahədə həyata keçirilən infrastruktur layihələri yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafına və əhalinin həyat şəraitinin yüksəldilməsinə xidmət edir.

Məlumata görə, Bala Şahağac və Qamışoba kəndlərində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə Astara şəhərini içməli su ilə təmin edən 710 mm diametrli magistral su kəmərindən yeni birləşmə verilib. Mövcud şəbəkə genişləndirilib, kəndlərdə yeni su xətləri çəkilib.

Layihə çərçivəsində ümumilikdə 5,6 kilometr uzunluğunda su xətti inşa edilib. Nəticədə 430 fərdi yaşayış evinin su təchizatı şəbəkəsinə qoşulması təmin olunub. Su sərfiyyatına nəzarət və sudan qənaətlə istifadə məqsədilə bütün abonentlər sayğaclarla təchiz edilib.

Qeyd edək ki, Bala Şahağac və Qamışoba kəndlərində ümumilikdə 1486 nəfər yaşayır. Yeni sistem vasitəsilə yaşayış məntəqələrinin gündəlik 300 kubmetr su tələbatının tam ödənilməsi nəzərdə tutulur.

Bildirilib ki, Astara şəhərinin içməli su təchizatı Xanbulançay su anbarı hesabına həyata keçirilir. Lənkəran və Astara şəhərlərinin su təminatı üçün burada iki meydançada su anbarları kompleksi, eləcə də gündəlik 30 min kubmetr məhsuldarlığa malik su təmizləyici qurğular kompleksi fəaliyyət göstərir.

Hazırda Astara şəhərində 4578 abonent mövcuddur. Şəhərin su şəbəkəsinin ümumi uzunluğu 109 kilometr, magistral su kəmərlərinin uzunluğu 29,2 kilometr, kanalizasiya şəbəkəsinin uzunluğu isə 8 kilometrdir.

Bununla yanaşı, şəhərdə tullantı sularının kənarlaşdırılması məqsədilə 800 mm diametrli DB mikrotunelin və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilir.

Sonda kənd sakinləri içməli su təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərə görə layihənin icrasında iştirak edən şəxslərə və aidiyyəti qurumların əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.