BAKI, 7 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Evin yaxınlığında saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə “Fox News” telekanalı ABŞ Daxili Təhlükəsizlik Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə noyabrın 5-də axşam saatlarında Vaşinqtonda baş verib. ABŞ Məxfi Xidmətinin əməkdaşları Konstitusiya prospektində park edilmiş avtomobildə şübhəli davranış nümayiş etdirən şəxsi aşkar ediblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobilə yaxınlaşdıqda həmin şəxs başında eşitdiyi səslərin ona Vaşinqtona gedərək Trampı öldürməyi əmr etdiyini iddia edib.
Araşdırma zamanı avtomobilin oğurlandığı müəyyənləşib. Nəqliyyat vasitəsindən üç odlu silah, o cümlədən AR-15 tipli tüfəng, iki tapança və onlarla patron aşkarlanıb.
Saxlanılan şəxsin Ronni Yordriks Quanipa Çrinos olduğu müəyyən edilib. ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin məlumatına görə, o, 2024-cü ilin martında ölkəyə qanunsuz daxil olub.
Şəxsə qarşı qanunsuz silah saxlama və daşıma, avtomobil oğurluğu və digər maddələrlə ittihamlar irəli sürülüb.
ABŞ Məxfi Xidmətinin direktoru Şon Karran bildirib ki, hadisə Ağ Ev ətrafında təhlükəsizlik təhdidlərinin artdığını göstərir.