BAKI, 6 noyabr. TELEQRAF

“Belə komandaları məğlub etmək bizim üçün çox vacibdir".

Teleqraf xəbər verir ki, bunu “Turan Tovuz”un futbolçusu Xorxe Silva Azərbaycan Premyer Liqasının XI turunda “Qarabağ”ı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, rəqibin güclü olduğunu və komandasının müdafiədə yaxşı oynadığını bildirib:

“Çox çətin rəqib idi. Düşünürəm ki, yaxşı müdafiə olunduq və hər fürsətdə əks-hücumlara çıxmağa çalışdıq. Bu gün komandanın göstərdiyi oyundan qürur duyuram. Ümid edirəm ki, bu cür davam edəcəyik”.

Futbolçu qələbənin komanda üçün əhəmiyyətindən də danışıb:

“Belə komandaları məğlub etmək bizim üçün çox vacibdir. Bununla sübut edirik ki, biz də çempionatın ən yaxşı komandaları arasındayıq. Bu baxımdan qələbə bizim üçün böyük əhəmiyyət daşıyır”.

Xorxe Silva növbəti oyunlara da motivasiyalı çıxacaqlarını vurğulayıb:

“Biz hər oyuna motivasiyalı çıxırıq. İndi qarşılaşmaları bir-bir düşünəcəyik. Mövsümün sonunda isə yekun nəticəyə baxacağıq”.