BAKI, 6 noyabr. TELEQRAF
“Emin Mahmudov “Neftçi”yə ömrünü verib, 10 ildir ki, buradadır. Onunla danışmışam. Mövsümün sonunda karyerasını bitirsə də, klubda menecer kimi də, məşqçi kimi də işləyə bilər. Hazırlaşsa, çox gözəl məşqçi olar. Amma öz adını istənilən halda “Neftçi”nin tarixinə qızıl hərflərlə yazdırıb”.
Teleqraf xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının XI turunda doğma meydanda “Kəpəz”i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis əvvəlcə “Zəfər turu”nda qazanılan qələbə ilə bağlı təəssüratlarını bölüşüb:
“Hər kəsi Zəfər Günü münasibətilə təbrik edirəm. Azərbaycanda hər zaman sülh olsun, insanlar gözəl, istədikləri kimi və xoşbəxt yaşasınlar. İstəyirəm ki, Ukrayna da bir gün azad olsun, qalib gəlsin. İnsanlar sülh içində yaşasınlar, istədikləri həyatı görsünlər. Bu günü görməyi çox istəyirəm. Ümidvaram ki, bu olanda həyatda olacağam.
İkinci matçdır ki, əvəzetmədən meydana buraxdığınız futbolçu qələbə qolunu vurur. Bunu əvvəlcədən planlaşdırırdınız?
Çox sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər. Bu, o deməkdir ki, ehtiyat skamyamız yaxşı vəziyyətdədir. Oyundan əvvəl də Şkribekə bildirdim ki, əsas heyətdə oynamayacaq, sonradan meydana daxil olacaq. Dincəlmək üçün vaxt verdik. Hər oyundan əvvəl qərar veririk ki, kimi kiminlə əvəzləyəcəyik və oyunumuzu gücləndirəcəyik. Ona görə biz həmişə bilirik ki, kim meydana çıxacaq. Bu, məni çox qane edir və sevindirir”.
Baş məşqçi milli fasilədə bəzi futbolçuların yığmalara çağırılması və fasilədən sonra “Araz-Naxçıvan”la Şamaxıda süni örtüklü meydançada keçirəcəkləri oyunla bağlı çətinliklər barədə sualları da cavablandırıb:
“Hamı orada oynayır, tək “Neftçi” deyil ki. Qorxulu bir şey yoxdur. Orada oynamalıyıq. Çünki ən yuxarı pillələrdə olmaq istəyirik. Buna görə çıxıb oynamalıyıq. Səhv etmirəmsə, Premyer Liqada cəmi iki belə meydança var. Biri Şamaxıda, biri də Yevlaxda. Çox istəyərdim ki, bundan sonra bütün komandalar yaxşı stadionlarda oynasınlar.
Millidə oynamaq böyük fəxrdir. Bu, xüsusilə də milli komandalarda oynayanların səviyyəsi haqda çox şey deyir. İndi bizdə xarici millilərdə üç, Azərbaycan millisində dörd oyunçu oynayır. Onlara görə çox sevinirəm. Sadəcə, istərdim ki, zədə almadan geri qayıtsınlar. Əllərindən gələni etsinlər ki, öz milliləri qalib gəlsin. Azərbaycan millisinin qrupu birinci pillədə başa vurmasını çox istəyirəm. Eləcə də legionerlərimizin.
Emil Səfərovla da danışırıq, söhbət edirik. Düşünürük ki, dincəlsin və üzərində daha çox işləsin ki, əvvəlki Səfərov olsun. “Neftçi” onunla boş yerə müqavilə imzalamayıb. Emil bizə lazım olan futbolçudur, komandamız üçün çox önəmlidir. O, bunu nə qədər tez anlasa, komanda və özü üçün yaxşı olacaq”.
Yuri Vernidub komandanın kapitanı Emin Mahmudovun son vaxtlar az şans qazanmasına, həmçinin futbolçunun milli komandada karyerasını başa vurmaq qərarına da münasibət bildirib:
“Emin Azərbaycanda ən yüksəkdə duran futbolçulardan biridir. O, uzun müddətdir millidə oynayır. Hər zaman da istəyir ki, ən yaxşı nəticələrə nail olsun. Eyni zamanda, “Neftçi”nin açar oyunçularından biridir. “Neftçi” üçün kifayət qədər çox oyun oynayıb. Bilirəm, qərar verib. Ağır qərardır. Amma həyatda belə şeylər olur. Ona görə də onun daha çox vaxtı olacaq ki, öz klubuna vaxt ayırsın. Biz illər keçdikcə gəncləşmirik, yaşlanırıq (gülür). Yaş da bəzən öz sözünü deyir. Çox istəyərdim ki, “Neftçi”də daha çox oynamağa davam etsin və fayda versin. O, buna layiqdir, həm peşəkar, həm də insan kimi. Emin mənə çox kömək edir. Oyunçularla söhbət zamanı, ailədaxili məsələlərin həllində də. Əsl kapitan kimi öz rolunu icra edir. Həm mən onunla tam açığam, həm də o mənimlə elədir”.