BAKI, 7 noyabr. TELEQRAF
İspaniyanın “Andorra” klubunun qapıçısı Xesus Ovono “Tenerife”nin futbolçusu Xesus de Migelin ölümü ilə nəticələnən toqquşmaya görə cinayət məsuliyyətinə cəlb olunacağı təqdirdə 4 ilədək həbs cəzası ala bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Marca” nəşri İspaniyanın cinayət hüququ üzrə vəkilləri Blanka Alquasil və Mariya Barbançonun rəylərinə istinadən məlumat yayıb.
Alquasil bildirib ki, İspaniya Cinayət Məcəlləsinin 142-ci maddəsi ehtiyatsızlıqdan ölümə səbəb olmağa görə məsuliyyət nəzərdə tutur. Ağır hallarda bir ildən dörd ilədək həbs, daha yüngül hallarda isə şəxsin gəliri əsasında hesablanan pul cəriməsi tətbiq edilə bilər.
Lakin vəkil vurğulayıb ki, hadisənin faciəvi nəticələnməsi avtomatik olaraq cinayət məsuliyyətinin yaranması demək deyil.
“Cinayət hüququnda yalnız nəticənin ağırlığına əsaslanaraq cinayətin törədildiyi qənaətinə gəlmək olmaz. Araşdırma başlanarsa, hakim bütün sübutları və hadisənin başvermə şəraitini qiymətləndirərək cinayət məsuliyyətinə cəlbetmə üçün əsasların olub-olmadığını müəyyən edəcək”, – Alquasil bildirib.
Digər vəkil Mariya Barbanço isə futbolun təmas idman növü olduğunu və oyunçuların meydana çıxarkən müəyyən riskləri qəbul etdiklərini xatırladıb. Onun sözlərinə görə, oyun epizodunda baş verən hər toqquşma, hətta ağır nəticələrə səbəb olsa belə, cinayət hesab edilə bilməz.
Qeyd edək ki, noyabrın 2-də İspaniya çempionatının ikinci divizionunda keçirilən “Tenerife” – “Andorra” matçında Xesus de Migel rəqib qapıçı Xesus Ovono ilə toqquşub. Hadisədən sonra futbolçunun ürəyi dayanıb və o, huşunu itirib.
İlkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılan futbolçu ertəsi gün həyatını itirib.
Qarşılaşma “Tenerife”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.