BAKI, 7 noyabr. TELEQRAF
Paraqvayın vitse-prezidenti Pedro Alyana dövlət başçısı Santyaqo Penyanın impiçment yolu ilə vəzifəsindən uzaqlaşdırılmasından sonra ölkənin yeni Prezidenti kimi and içib.
Teleqraf xəbər verir ki, andiçmə mərasimi Konqresin hər iki palatasının üzvlərinin iştirakı ilə keçirilib.
Mərasim Paraqvay Senatının rəsmi “YouTube” kanalında canlı yayımlanıb.
Bundan əvvəl Senat “Ueno Bank” ətrafında yaranmış qalmaqalla əlaqədar Penyanın impiçmentinə səs verib. Keçmiş prezidentin vəzifədən uzaqlaşdırılmasını dəstəkləyənlər onu bankla ehtimal olunan əlaqələrinə görə maraqlar toqquşmasında ittiham ediblər.
Məlumata görə, Penya impiçmentdən bir gün əvvəl istefa verdiyini açıqlasa da, Konqres yetərsay olmadığı üçün istefanın qəbul edilməsi məsələsini səsverməyə çıxara bilməyib.
Paraqvay Konstitusiyasına əsasən, keçmiş prezidentlər ömürlük senator statusu əldə edirlər. Lakin impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılan dövlət başçıları bu hüquqdan məhrum olurlar.
Qeyd edək ki, noyabrın 3-də Paraqvay Mərkəzi Bankı “Ueno Bank”da xarici idarəetmə tətbiq edib. Nəticədə təxminən 3 milyon müştərinin bank hesabları dondurulub.
Xatırladaq ki, Paraqvayın sabiq Prezidenti Santyaqo Penya “Ueno Bank”ın iflası ilə bağlı cinayət işi çərçivəsində polis tərəfindən saxlanılıb.